Avropa ilə Azərbaycan arasında sənəd paraflandı

Hikmət Hacızadə: ''Əfsus ki, demokratiya hələ gözləməli olacaq''

İyulun 11-də Brüsseldə Avropa İttifaqı ilə Azərbaycan arasında tərəfdaşlığın prioritetlərinə dair sənədin paraflanması (Beynəlxalq müqavilə, saziş rəsmən imzalanana qədər ilkin imzalamaq) mərasimi keçirilib və sənədin mətni üzrə danışıqlar yekunlaşdırılıb.

Sazişi Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federeika Mogerini və Azətrbaycanın xarici işlər naziri Elmar Məmmədyarov imzalayıblar.

Sənəd iqtisadi inkişafa, azad bazara dəstəyi, korrupsiyaya, terrorizmə qarşı mübarizədə yardımı, Cənub Qaz Dəhlizi məsələsində maddi yardımların davamlılığı, təhsil sahəsinə yardımı, avropalılarla azərbaycanlılar arasında qarşılıqlı fikir mübadiləsini təşkil etməyi, dövlət idarəetməsində islahatları əhatə edir.

Razılaşdırılan tərəfdaşlıq prioritetləri 2018-2020-ci illərdə Aİ-Azərbaycan iqtisadi əməkdaşlığının siyasi çərçivələrini təmin edəcək.

Siyasi icmalçı Hikmət Hacızadə Meydan TV-yə deyib ki, sənəddə demokratik islahatlarla bağlı bəndin olmamasından təəssüflənir:

“Görünür, Qərb Azərbaycanı demokratiyaya səsləməkdən yorulub, ona görə enerji məsələlərinə üstünlük verib. Azərbaycan enerjiə görə Avropaya lazımdır. Sənəddə terrorizmə qarşı bənd də var, bu da vacibdir. Əfsus ki, demokratiya hələ gözləməli olacaq”.

Hikmət Hacızadə
Hikmət Hacızadə.

H.Hacızadə sazişin iqtisadi və strateji sahədə yenilik gətirəcəyini düşünür:

“İqtisadi əməkdaşlıq daha da güclənəcək. Terror deyəndə, güman kİ, İran və Suriya söhbəti ola bilər. Azərbaycan ərazisi çox əlverişli məkan olduğundan istifadə edə bilərlər. Amma iki ilə elə böyük dəyişiklik etmək olmaz. Bununla belə Qərb adamını başa düşmək olar, onlar heç vaxt təslim olmur, yorulmur, iki il sonra yeni sənəd ortaya çıxaracaq. Düşünməyin ki, onlar Azərbaycandakı duruma göz yumur, elə deyil. Növbəti sənəd fərqli olacaq, buna əmin olun”.