''Rəis müavini Rəşad Ramazanova təzyiq edir''

Rəşad Ramazanov

Həyat yoldaşı blogerin ac-susuz saxlanıldığını, mütəmadi “kars”a salındığını deyir

9 il müddətinə azadlıqdan məhrum edilən bloger Rəşad Ramazanovun ciddi təhlükə ilə üz-üzə qaldığı deyilir.

Bu barədə Meydan TV-yə onun həyat yoldaşı Könül İsmayılova məlumat verib. Həyat yoldaşının sözlərinə görə, Rəşad Ramazanov saxlanıldığı 2 saylı cəzaçəkmə müəssisəsində ac-sussuz qalır, mütəmadi olaraq karsa salınır və digər təzyiqlərlə üzləşir:

“Mən bu məsələdən ötən həftə xəbər tutmuşam. Rəşad özü məlumat verdi ki, müəssisənin rəis müavini Şakir Qəniyev tərəfindən təzyiqlərə məruz qalır. Son bir ayda hər həftə 1-2 gün “kars”a salır. Rəşad deyir ki, bu, ənənəvi kars deyil, çox kiçik bir otaqdır və orada hardasa 30 nəfər olur və içəridə ayaqyolu belə yoxdur. Ötən həftənin əvvəli isə Şakir Qəniyev onu sillə ilə vurub, deyib ki, onu mənəvi olaraq öldürmək istəyir”.

Könül İsmayılovanın sözlərinə görə, Şakir Qəniyevin Rəşad Ramazanova qəzəbinin səbəbi gündəlikdə yazdığı sözlərdir:

“Rəşad həbsxanada gündəlik yazırdı. Orada hər gün baş verən hadisələri qeyd edirdi. Orada Şakir Qəniyevin də qanunsuz əməllərindən, imkanlı məhbuslardan 800-2000 manatarası pul almasında bəhs edib. Ötən ilin yanvarında Şakir Qəniyev həmin gündəliyi ələ keçirib. Soyuq yanvar günündə Rəşad 15 gün “kars”a salındı. Bundan sonra mütəmadi olaraq Rəşadı incidir. Bu adamın siyasi məhbusları görməyə gözü yoxdur. Çünki onlar digərlərindən daha fəal və savadlıdırlar, digər məhbuslara şikayət, ərizə yazmaqda kömək edirlər.

Xüsusilə rəis işdə olmayanda və ya məzuniyyətə gedəndə Şakir Qəniyev fəallaşır. Onun köməkçiləri Səbuhi, Ceyhun, Şaiq adlı şəxslər də məhbuslarla pis davranırlar. Hələ bunlar siyasi məhbus kimi tanınır deyə bir az münasibət fərqlidir, başqa məhbuslara daha çox təzyiq edilir. Onlar da qorxusundan səslərini çıxarmırlar. Hər dəfə Rəşadla görüşə gedəndə digər məhbus ailələri ilə də rastlaşıram, onlarla söhbət edirəm. Görüşə girəndə pul verirlər. Niyə pul verdiklərini soruşuram, deyirlər, qorxuruq, incidirlər yaxınlarımızı”.

Könül İsmayılova deyir ki, baş verənlərlə bağlı Penitensiar Xidmətə, müəssisənin rəhbərliyinə, eləcə də Ombudsman Aparatına müraciət edib. Lakin heç bir cavab almayıb:

“Dünən (iyulun 6-da) Rəşadla görüşdüm. O da dedi ki, heç bir yenilik yoxdur, heç kim onunla görüşməyib, bu barədə maraqlanmayıb. Mənə də hər hansı cavab verilməyib. Həyat yoldaşı deyir ki, Rəşad Ramazanovun adı təhlükəli və psixi çatışmazlığı olan məhbusların siyahısına salınıb.
Sözügedən cəzaçəkmə müəssisəsində beynəlxalq təşkilatların siyasi məhbus kimi tanıdığı Rəşad Ramazanov, İlqar Məmmədov, Qiyas İbrahim, Fikrət Fərəməzoğlu və Nicat Əliyev saxlanılır.

Həftəsonu olduğundan Penitensiar Xidmətdən münasibət öyrənmək mümkün olmayıb.

Rəşad Ramazanov 2013-cü il mayın 9-da həbs olunub. Ona qarşı CM-in 234.4.3-cü (qanunsuz olaraq külli miqdarda narkotik vasitələri saxlamaq və satmaq) maddəsi ilə ittiham irəli sürülüb.

1982-ci ildə Masallıda anadan olan Rəşad Ramazanov BDU-nun coğrafiya fakültəsini bitirib. Qarabağ Azadlıq Təşkilatının üzvüdür. Sosial şəbəkələrdə hakimiyyət əleyhinə statuslar paylaşdığına görə tanınıb.

Rəşad Ramazanov ittihamı qəbul etmir, sosial şəbəkələrdə hakimiyyəti tənqid etdiyi üçün siyasi motivlərlə, saxta ittihamla həbs edildiyini hesab edir.

“Amnesty International” Rəşad Ramazanovu "vicdan məhbusu" elan edib.