İradə Cavadova: Vəkillərin İntizam Komissiyası qərəzli rəy verib

Ирада Джавадова

''Güman edirəm ki, sübutlarım diqqətə alınar''

Vəkillər Kollegiyası Rəyasət Heyəti iyunun 11-də vəkil İradə Cavadovanın kollegiya üzvlüyünə xitam verilməsi haqda məhkəməyə müraciət edib.

Bu barədə Vəkillər Kollegiyası məlumat yayıb.

Bildirilib ki, şikayətçi K.M. Vəkillər Kollegiyasına aprelin 21-də müraciət edib:

“Vəkil Cavadova İradə Arif qızı şikayətçinin ona etibarnamə vermədiyi və onunla hüquqi yardım barədə müqavilə bağlamadığı halda, şikayətçinin razılığı olmadan onun Daxili İşlər Nazilirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində qanunsuz saxlanılması barədə əsassız şikayətlər etdiyini və bu barədə kütləvi informasiya vasitələrində məlumatlar yaydığını göstərib. Şikayətçi həmin məlumatların həqiqəti əks etdirmədiyini, onun şərəf və ləyaqətinə toxunduğunu bildirib və Rəyasət Heyətindən xahiş edib ki, vəkil İradə Cavadova barəsində tədbir görülsün”.

Kollegiya bildirib ki, şikayət araşdırılması üçün Vəkillərin İntizam Komissiyasına göndərilib, şikayətçi intizam araşdırması çərçivəsində izahat verib, habelə intizam icraatı zamanı vəkilin də izahatı alınıb.

İradə Cavadova Meydan TV-yə Vəkillər Kollegiyasının məlumatının yanlış olduğunu və İntizam Komissiyasının qərəzli rəy verdiyini deyib:

“Komissiya sübutları əhatəli araşdırmayıb. Mənim müdafiə etdiyim şəxs barəmdə guya şikayət yazıb. Mən müdafiə xarakterli tədbirlər görmüşəm, Rəyasət Heyətində mənə niyə təkzib verməməylə bağlı suallar oldu, halbuki, şikayətçi mənə bu barədə müraciət etməyib”.

İ.Cavadova daha sonra bildirib ki, o, şikayətçi haqqında məlumatı ictimailəşdirməyib, nazir Ramil Usubova açıq məktub göndərib.

“Xanım qanunsuz olaraq Daxili İşlər Nazilirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə aparılıb və sonra saxlanılıb. Bununla bağlı şahidlər və sübut var. Məsələn, adamın anası mənə ərizə ilə müraciət edib. Mənim nazirə müraciətimdən sonra ordan buraxılıb, anası belə deyib. Aprelin 16-da həmin xanım haqqımda kollegiyaya iki cümləlik teleqram göndərib. Mən bununla bağlı İntizam Komissiyasına dəvət almışam, gedib sübutlarımı təqdim etmişəm”.
Vəkil deyib ki, bundan sonra həmin xanımla danışıb, o da İntizam Komissiyasına gedib, şikayətini geri götürəcəyini deyib.

“Təəssüf ki, bu sənədlər İntizam Komissiyasına təqdim olunsa da, haqqımda qərəzli və yanlış rəy verilib. Ən azından kollegiya həmin qadını dinlədikləri kimi məni dəvət edib dinləməliydilər”.

İradə Cavadova iyunun 12-də Rəyasət Heyətinin sədri Anar Bağırovla görüşüb və əlavə sənədləri ona da təqdim etdiyini bildirdi:

“Amma qərarı bir də təsdiqlədilər. Mən qərarı dünən axşam mediadan oxudum. Bildirildi ki, 1 saylı İqtisad Məhkəməsinə müraciət olunacaq və mən orda özümü müdafiə edəcəm. Güman edirəm ki, sübutlarım diqqətə alınar. Kollegiyadan xahiş etdim ki, bir çox işlərimin davam etdirməyimə icazə versinlər. Hələ cavab almamışam”.

Son aylar ictimaiyyətə məşhur bir neçə vəkil Kollegiyadan uzaqlaşdırılıb.

Ötən ilin noyabrın 20-da Vəkillər Kollegiyası vəkil Yalçın İmanovun vəkillik fəaliyyətinin dayandırılmasına qərar verib. Vəkil Fəxrəddin Mehdiyevin də fəaliyyəti dayandırılıb. Yanvarın 22-də Vəkillər Kollegiyası Rəyasət Heyətinin toplantısında belə qərar çıxarılıb. Vəkillər Kollegiyası aprelin 23-də Baş prokurorun birinci müavini Rüstəm Usubovun şikayəti əsasında Nemət Kərimli və Əsabəli Mustafayevin 1 illik vəkillik fəaliyyətlərini dayandırmaq haqqında qərar qəbul edib.