Praqada Azərbaycan cümhuriyyətinin 100 illiyi qeyd olunur

Tədbiri Avropada yaşayan siyasi fəallar təşkil edib

Bu gün, mayın 26-da Çex Respublikasının paytaxtı Praqada Azərbaycan cümhuriyyətinin 100 illiyi ilə bağlı “”Cümhuriyyətin 100 ili: Tarixdən gələcəyə baxış” adlı tədbir keçirilir. Avropada yaşayan siyasi fəalların təşkil etdiyi tədbirə Azərbaycandan tarixçi Altay Göyüşov da qatılıb.

“Birinci Azərbaycan Respublikasının doğuluşu: təsadüf, yoxsa məntiqi nəticə?” mövsuzunda çıxış edən tarixçi cümhuriyyətinin yaranmasından, fəaliyyətindən, eyni zamanda 23 aylıq hakimiyyətin süqutundan danışıb. Altay Göyüşov deyib ki, o dövrdə özündən qat-qat güclü düşmənlə üz-üzə gələn Azərbaycan hakimiyyəti müstəqilliyini qoruya bilməyib, onu itirməyə məcbur olub.

Sonra Avropa Universitetindən tarix üzrə doktorant Türkay Qasımova “19-cu əsrin sonundakı maarifçilik hərəkatı ADR-in intellektual bazası kimi” mövzusunda çıxış edib.

Mövzular ətrafında müzakirələr başlayıb. Bəstəkar Elmir Mirzəyev, hüquq müdafiəçisi Rəsul Cəfərov və digərləri mövzu ilə bağlı fikir bildiriblər.

Növbəti paneldə Altay Göyüşov “1918-ci il Azərbaycan Parlamenti və onun partiyalar və ideologiyalar üzrə quruluşu” mövzusunda çıxışlar edəcək. Bundan sonra mövzu ətrafında müzakirələr aparılacaq. Tədbir müxtəlif ifaçıların çıxışı ilə yekunlaşacaq.