Allahşükür Paşazadə Qəzzada baş verənləri 20 yanvar hadisələri ilə müqayisə etdi

Allahşükür Paşazadə

Qüdsdə baş verənlərə biganə qala bilmərik”

Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə hazırda Fələstində baş verənləri böyük faciə adlandırıb.

“Report”un məlumatına görə, A.Paşazadə “Qüdsdə baş verən hadisələrə müsəlman olaraq biganə qala bilmərik”, deyib.

O, hazırda baş verən hadisələri Bakıda 1990-cı il 20 yanvar faciəsinə bənzədib.

“Televiziyalarda baxanda 59 nəfərin şəhid olduğunu eşitdim. Bu, böyük faciədir. Biz 20 Yanvar hadisəsi zamanı belə qırğının şahidi olmuşuq. Təcavüzün nə demək olduğunu gözəl bilirik”.

A.Paşazadə qeyd edib ki, Qüds bütün dinlər üçün müqəddəsdir:

“Müsəlman dövlətlərin arasında birlik olmadığına görə bundan sui-istifadə edilir. Orada minlərlə insanın qırılması bütün müsəlmanları hədəfə almaq deməkdir. Beynəlxalq hüquq çərçivəsində məsələyə baxılmalı və sülh yolu ilə atılan addımlardan geri çəkililməməlidir. Şəhid olanlara Allahdan rəhmət, ailələrinə səbr, yaralılara şəfa diləyirik”.

ABŞ-ın Qüdsdə səfirlik açmaq planları bu regionda fələstinlilərin etiraz aksiyaları başlamasına səbəb olub. Səfirlik mayın 14-də açılıb. Bununla bağlı etiraz aksiyaları pik həddinə çatıb. İsrail əsgərlərinin aksiya iştirakçıların qarşı açdığı birbaşa atəş nəticəsində 50-dən çox insane həlak olub.

ABŞ hadisələrə görə məsuliyətin “HƏMAS” təşkilatının daşıdığını bəyan edib.