Əliməmməd Nuriyev: Cümhuriyyətin 100 illiyi ilə bağlı əfv olacaq

Əliməmməd Nuriyev

Əfv Komissiyasının iclası gələn həftə yekunlaşır

Mayın 11-də Əfv Komissiyasının növbəti iclası keçirilib.

Toplantıda 100-dən çox müraciətə baxılıb.

Bu barədə Meydan TV-yə danışan komissiya üzvü Əliməmməd Nuriyev deyib ki, gələn həftə Əfv Komissiyasının iclasları yekunlaşacaq:

“Bütün müraciətlərə baxılır və bu proses davam edir”.

O, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ərəfəsində əfv sərəncamının imzalanacağını deyib.

Sonuncu əfv sərəncamı 2017-cı ilin martın 16-da imzalanıb. 423 nəfərə şamil olunan sərəncamda İsmayıllı hadisələrinə görə həbs olunan bir neçə şəxs, NİDA Vətəndaş Hərəkatının təmsilçisi Əbdül Əbilov, “Azadlıq” qəzetinin redaktoru Qənimət Zahidin və Meydan TV-nin rəhbəri Emin Millinin qohumları yer alırdı.

Yerli və beynəlxalq hüquq müdafiə təşkilatları Azərbaycanda hazırda 150-dən çox siyasi məhbusun olduğunu desələr də, hökumət təmsilçiləri bunu təkzib edir.