İctimai Televiziyanın rəhbərliyi dəyişdirilib

Balakişi Qasımov İTV-nin baş direktoru təyin edilib

İctimai Televiziya və Radio Yayımları şirkətinin baş direktoru Cəmil Quliyevin səlahiyyətlərinə xitam verilib.

İTV-nin Yayım Şurasının məlumatına görə, qərar bu gün keçirilən iclasında verilib.

Məlumatda qeyd olunub ki, C.Quliyev səhhəti və gələcək yaradıcılıq planları ilə əlaqədar vəzifədən getmək istəyi ilə bağlı şuraya rəsmi müraciət edib və müzakirədən sonra müvafiq qərar qəbul olunub.

Şuranın iclasında Balakişi Qasımov İTV-nin yeni baş direktoru seçilib.

Məsələ ilə əlaqədar açıqlama verən Cəmil Quliyev deyib ki, səhhətində yaranmış problemlər eyni zamanda həm İTV-nin baş direktoru kimi məsuliyyətli vəzifənin keyfiyyətli icrasına, həm də çoxsaylı yaradıcılıq planlarını həyata keçirməsinə imkan verməyib:

“Ona görə də belə qərara gəldim ki, bundan sonra yalnız mədəniyyət, incəsənət və elm sahəsində, habelə ictimai fəaliyyətimi davam etdirim və nəzərdə tutduğum planları həyata keçirim”.

B.Qasımov 20 oktyabr 1978-ci ildə anadan olub.

O, Rusiyanın birinci telekanalında nümayiş etdirilən “Nə, Harada, Nə vaxt” verilişinin oyunçusu, həmin verilişin Azərbaycanda aparıcısı və baş prodüsseridir.