''Dinləmələrdə çıxışçılar səthi məlumatlara malik olduqlarını göstərdilər''

Əli Həsənov foto Azərtac

Prezidentin köməkçisi Helsinki Komissiyasının Azərbaycanla bağlı tənqidlərinə cavab verib

“Helsinki Komissiyasının təşkil etdiyi dinləmərlərdəki çıxışlarla tanışlıq natiqlərin Azərbaycanda baş verən proseslər, ölkəmizdəki siyasi qüvvələr nisbəti, özlərini siyasi partiya və ya ictimai hərəkat kimi təqdim edən bəzi qurumların cəmiyyət həyatındakı real çəkisi və gerçək niyyətləri barədə çox səthi, əksər hallarda isə yanlış təsəvvürə malik olduqlarını göstərdi”.

Bunu Azərbaycan prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov “Facebook” sosial şəbəkəsində profilində yazıb.

Toplantıda Helskinki Komissiyasının siyasi müşaviri Everett Price bildirib ki, Azərbaycan hökumətinin fəaliyyəti ciddi narahatlıq doğurur:

“2015-ci ildə konqsmen Chris Smtih demokratiya aktını təqdim edib. Buna baxmayaraq, İlham Əliyev 2016-cı ildə referendum keçirib, öz səlahiyyətlərini genişləndirib və xanımını vitse-prezident təyin edib. 2017-ci ildə vəziyyət daha pisləşib. Bütün müstəqil media bloklanıb, müstəqil jurnalistlərin ölkədən çıxışı məhdudlaşdırılıb”. 

Ə.Həsənov qeyd edib ki, xarici qrant və ianələr hesabına Azərbaycandan kənarda informasiya resursu yaradan, bir neçə il əvvəl həmin resursa məxsus saytda erməni soyqırımının tanınmasının vacib olduğu barədə məqalə yerləşdirən bir “soydaşımız” yenə də sanksiya məsələsini gündəmə gətirdi, Azərbaycanın lobbiçilik sahəsindəki fəaliyyətini tənqid etdi, ABŞ-ı və Avropa İttifaqını növbəti dəfə ölkəmizə ciddi təzyiq göstərməyə çağırdı.

“Qəribə olan həm də budur ki, son dövrlər özünü Avropadakı “iaşə müxalifəti lideri” kimi tanıtmış, vulqar davranışı, təhqiramiz ritorikası və azərbaycanlıya xas olmayan saç düzümü ilə fərqlənən birisi də həmin tədbirə dəvət edilmişdi. Nə danışdığının fərqində olmayan bu “iaşə lideri” Qərb ölkələrini Azərbaycan hakimiyyəti ilə normal münasibət saxlamaqda ittiham edir, Avropa Birliyi, aparıcı Avropa ölkələri və ABŞ liderlərinin növbədənkənar prezident seçkilərindən sonra cənab İlham Əliyevə məktub göndərərək onu təbrik etmələrini az qala faciə sayır”.

O hesab edir ki, xaricdə məskunlaşmış bəzi soydaşlarımız bu gün anti-Azərbaycan dairələrin əlində bir alətə çevrilib.

“Heç şübhəsiz, bütün bunların arxasında xaricdəki bəzi anti-Azərbaycan dairələrdən və imkanlı azərbaycanlılardan alınan böyük miqdarda pullar və mütəmadi təlimatlar dayanır. Belələrinə üz tuturam: tutduğunuz səhv yoldan çəkinin. Xaricdə öz ölkənizə və xalqınıza qarşı belə canfəşanlıqla təbliğat aparmaqdansa, intellektinizin imkan verdiyi dərəcədə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətləri yaşadığınız ölkələrin ictimaiyyətinə çatdırın. Bacarırsınızsa həmin ölkələrdə Azərbaycanın haqq sözünü deyən, Ermənistanın işğalçılıq siyasətinə qarşı çıxan siyasətçilərlə, politoloqlarla, QHT və KİV nümayəndələri ilə əlaqə qurun, onları öz tədbirlərinizə cəlb edin. Belə etsəniz, mənsub olduğunuz xalqın hörmət və etimadını qazanarsınız...”