''Missiyanın işi başa çatıbsa, hansı istefadan söhbət gedə bilər?!''

Vüqar Əhmədov foto Azərtac

İctimai şəxslər Vüqar Əhmədovun ''ATƏT DTİHB-dən istefa verdim'' fikrinə münasibət bildirib

“Mən Azərbaycanda keçirilən prezident seçkiləri ərəfəsində ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun seçkiləri müşahidə missiyasının bütün görüşlərində olmuşam. Missiyanın bütün üzvləri seçki prosesini müşahidə edərkən bir fikirdə idilər. Lakin ATƏT DTİHB-nin seçkilərə dair hesabatında müşahidələrimizlə bağlı qeydlərdən tamamilə fərqli fikirlər yer aldı. Seçkilərə qeyri-obyektiv qiymət verildiyi üçün mən etiraz olaraq missiyadan istefa verib çıxdım”.

Bu açıqlamanı ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun seçkiləri müşahidə missiyasının siyasi məsələlər üzrə sabiq köməkçisi Vüqar Əhmədov aprelin 13-də keçirdiyi mətbuat konfransında səsləndirib.

Vüqar Əhmədov iddia edib ki, ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun seçkiləri müşahidə missiyasının siyasi məsələlər üzrə şöbəsi Azərbaycanda aparılan müşahidələr əsasında obyektiv hesabat hazırlayıb, lakin bu hesabat birdən-birə kənara atılıb və tamamilə qərəzlə dolu başqa bir hesabat təqdim edilib:

“Belə çıxır ki, hesabatın dəyişdirilməsi ilə bağlı mərkəzdən xüsusi tapşırıq gəldi və yaxud da mərkəz özü missiyaya əvvəlcədən hazırlanmış hesabat göndərdi. Ona görə də bizim müşahidələrimiz zamanı seçkilərlə bağlı qeyd olunan müsbət məqamların heç biri dünən təqdim olunan hesabatda yer almadı. Təkcə mənim yox, müşahidə missiyasının digər üzvlərinin də şahidi olduqları müsbət məqamlar bu hesabatda əks olunmadı. Bu da o deməkdir ki, hesabatın dəyişdirilməsi ilə bağlı mərkəzdən verilən tapşırıq yerinə yetirildi. Mən missiyanın rəhbəri Koryen Yonkerə etirazımı bildirdim ki, təqdim olunan hesabatda müşahidə missiyasının heç bir qeydi yer almayıb. O isə cavabında dedi ki, missiya rəhbərinin müavini Stefan Krausun təqdim etdiyi hesabat kifayətdir. Güman ki, həmin hesabat da məhz mərkəzdən hazır vəziyyətdə göndərilmiş hesabatdır. Müşahidə missiyasının ötən gün seçkilərlə bağlı təqdim etdiyi qərəzli hesabata jurnalistlər etiraz etməkdə tam haqlı idilər”.

V.Əhmədov missiya rəhbərinin müavini Stefan Krausun hesabatın hazırlanmasında fəal iştirak etdiyini və onun Azərbaycana mənfi münasibət bəslədiyini deyib:

“Tam əminliklə deyə bilərəm ki, təqdim edilən hesabat seçkilərdən əvvəl hazırlanmışdı, sadəcə, seçkilərdən sonra elan edildi. Xədicə İsmayıl, Emin Milli ATƏT DTİHB-nin müşahidə missiyası ilə sıx əlaqədə idilər. Hesabatda ciddi qanun pozuntularına yol verildiyi iddia edilir. Biz seçki məntəqələrində ciddi qanun pozuntuları ilə rastlaşmadıq. Xırda məqamlar qeydə alındı ki, bu da seçkilərin nəticələrinə təsir edəcək səviyyədə deyildi. Bu hesabat tənqid də deyil, sırf qarayaxma, qərəzdir. Mən bunların heç biri ilə barışmadığım üçün rəsmi şəkildə müşahidə missiyasının rəhbərinə müraciət etdim və missiyanı tərk etdim”.

Onun sözlərinə görə, ATƏT DTİHB-nin aprelin 11-də Azərbaycanda keçirilən prezident seçkiləri ilə bağlı açıqladığı yekun rəy əvvəlcədən hazırlanmışdı:

“Mən ATƏT-in baş ofisinə də etirazımı rəsmi qaydada çatdıracam. Ümid edirəm ki, yekun hesabat obyektiv olacaq, əsassız və qərəzli iddialar aradan qaldırılacaq”.

Vüqar Əhmədovun ittiham etdiyi jurnalist Xədicə İsmayıl Meydan TV-yə bildirib ki, o, büronun mətbuat üzrə əlaqələndirici ilə ötən müddətdə bir dəfə görüşüb:

“Vüqar Əhmədovun birbaşa müdiri, yəni siyasi məsələlər üzrə məsul şəxs həmin vaxt mənimlə özü görüşüb. Ona qədər bizim təmasımız olmamışdı və o, köməkçisinə bizim ayrıca görüş təşkil etməyimizi deyəcəyini vurğuladı. Amma köməkçisi Əhmədov bu görüşü təyin etmədi. Burdan belə nəticə çıxır ki, Vüqar Əhmədov bizim ünsiyyətimizin qarşısını mümkün qədər almağa çalışıb. Doğrusu, Vüqar Əhmədovun köməkçi olduğunu bilmirdim. Əgər bilsəydim, müdiriyyətinə deyərdim ki, adamları işə götürməzdən əvvəl hökumət fondları ilə əlaqələrinə diqqət edin. Hətta eşitdiyimə görə, media üzrə monitorinqi həyata keçirənlər arasında ərizə verənlərdən biri Azər Həsrət olub. Bu o deməkdir ki, hökumət planlı şəkildə missiyaya öz adamlarını yerləşdirməyə çalışıb. Görünür, Vüqar Əhmədov da onlardan biri idi”.

Xədicə İsmayıl
Xədicə İsmayıl.

Jurnalist bildirib ki, istənilən müşahidə missiyasının onunla görüşməsi tamamilə təbiidir:

“Çünki Azərbaycanda xaricə mətbuatda daha çox yazan jurnalist olduğumdan ölkədəki siyasi isteblişmenti kifayət qədər yaxşı tanıyıram. Bilirsiniz, mənimlə əlaqədən söhbət gedə bilməz. Mən ATƏT Parlament Assambleyasının üzvləri və xüsusi əlaqələndirici ilə bir dəfə görüşmüşəm. AŞPA müşahidəçilərinə gəlincə, Ələsgər Məmmədli, Azər Həsrət, Anar Yusifoğlu və MSK-dan iki nəfərlə bir yerdə brifinq etmişik. Bir dəfə də media üzrə nümayəndə ilə ayrıca görüşüm olub, onda siyasi işlər üzrə əlaqələndirici də ordaydı. Hiss olunurdu ki, onun köməkçi məsələsində bəxti gətirməyib”.

Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədli güman edir ki, Vüqar Əhmədov hakimiyyətin təzyiqlərindən çəkinərək istefa verib:

Anar Məmmədli
Anar Məmmədli.

“Ancaq missiyanın işi başa çatıbsa, hansı istefadan söhbət gedə bilər?! Məsələ ondadır ki, Vüqar Əhmədov müqavilə əsasında köməkçilik edib, işi tərcüməçilik və müəyyən görüşlərin təşkilindən ibarət olub”.

ATƏT-in Bakı nümayəndəliyi Vüqar Əhmədovun ittihamları ilə bağlı Meydan TV-nin sualına "bu barədə yaxın günlərdə media üçün açıqlama yayılacaq" deyərək əlavə cavab verməyiblər.  

ATƏT, ATƏT PA və AŞPA-dan olan beynəlxalq müşahidəçilər Azərbaycanda aprelin 11-də növbədənkənar prezident seçkilərini mənfi qiymətləndirib.

Bu barədə missiya aprelin 12-də keçirdiyi mətbuat konfransında məlumat yayıb.

Aprelin 11-də Azərbaycanda növbədənkənar prezident seçkiləri keçirilib. Mərkəzi Seçki Komissiyasının yekun rəyinə əsasən İlham Əliyev 86,3 faiz, Zahid Oruc 3,11 faiz, Sərdar Cəlaloğlu 3,03 faiz, Qüdrət Həsənquliyev 3,02 faiz, Hafiz Hacıyev 1,52 faiz, Araz Əlizadə 1,38 faiz, Fərəc Quliyev 1,17 faiz və Razi Nurullayev 0,74 faiz səs toplayıb.