Sakinlər: 7 il əvvəl istifadəyə verilən bina çökə bilər

Binanın qarşısı

Lökbatandakı altımərtəbəli binanın altından axan çirkab sular özülü yuyub aparır

“Bu binanı Dövlət Neft Şirkətinin (SOCAR) işçiləri üçün tikiblər. Mənzillər paylanarkən çox haqsızlıqlar oldu. Adamlara 3 otaqlı əvəzinə 2, 2 otaqlı əvəzinə 1 otaqlı mənzillər verildi. Otaqların ölçüsündə də adamları aldatdılar. Adamlar mənzillərə sənəd düzəltmək üçün illərlə süründülər. Bunlar bir tərəfə, indi də binanın altından kanalizasiya suları axır, özülü yuyub aparır. Bir gün çökəcək, daş altında qalacağıq”.

Bunu Meydan TV-yə Lökbatanda – Seymur Orucov küçəsindəki 46 saylı binada yaşayan sakin Dilbər Həsənova deyir. Onların iddiasına görə, altımərtəbəli binanın özülü çirkab sulardan xilas olmasa, bina çökə bilər.

Sakin: Problem xirtdəyəcəndir

Cəmi 7 ildir ki, istifadəyə verilən yaşayış binasının problemləri xirtdəyəcəndir. Sakinlər deyir, kanalizasiya xətləri partlayıb, çirkab sular binanın zirzəmisindən özülünəcən gedib çıxıb. Hətta binanın ətrafını da tez-tez su basır.

Asfaltdan əsər-əlamət qalmayıb

Sakin sözünə davam edir:

“Kanalizasiya suları binanın ətrafındakı asfalt döşəməni də yuyub aparıb. Üfunətdən beyin çatlayır. Qışı bir cür çətindir, yayı da bir başqa cür… Böyüklü-kiçikli – binadan çıxanda hamı çirkab suların içindən keçib getməli olur. Hələ bu, azmış kimi, 111 saylı avtobusun marşrutunu da binanın böyründən salıblar. Dəfələrlə avtobusun qarşısını kəsib hərəkətinə mane olmuşuq ki, məhəllədən keçməsin”.

Başqa sakin Elmira Əzizova danışır ki, zirzəmidən başlayan nəmişlik yuxarı mərtəbələrdəki mənzillərədək nüfuz edib. Mənzillərin tavanları və döşəmələri çürüyüb. Sakinlərin sözlərinə görə, Qaradağ Rayon İcra Hakimiyyətinin işçiləri binaya dəfələrlə baxış keçiriblər. Sakin:

“Hər dəfə gəlib dözülməz vəziyyəti görürlər, bizə ürəkləri yandığını deyirlər, məsələni başçıya məruzə edəcəklərinə söz verirlər, ancaq nəticə göz qabağındadır. Sukanal İdarəsinin rəisi gəldi, maşından düşdü, üfunətdən həyətə girmədi. Elə uzaqdan baxıb, maşına minib getdi”.

İcra hakimiyyəti: Düzələcək

Lökbatan Rayon İcra Hakimiyyətindən bildirilib ki, Seymur Orucov küçəsindəki 46 saylı binadakı vəziyyətlə bağlı aidiyyəti qurumlar məlumatlandırılıb:
“Bu məsələ ilə Sukanal İdarəsi məşğul olacaq. Binaya təhlükə yoxdur. Sakinlərin narahatlığı yersizdir”.