Müstəqil jurnalistlər Vəkillər Kollegiyasını məhkəməyə verir

Aynur Elgünəş və Xədicə İsmayıl

Jurnalistlər vəkil Yalçın İmanovun kollegiyadan uzaqlaşdırılmasına etiraz edirlər


Müstəqil jurnalist Xədicə İsmayıl və Aynur Qəmbərova (Elgünəş) Vəkillər Kollegiyasını məhkəməyə verir.

Səbəb Vəkillər Kollegiyasının onların hüquqlarını müdafiə edən vəkil Yalçın İmanov haqqında verdiyi qərardır.

Kollegiyanın Rəyasət Heyətinin qərarı ilə Yalçın İmanovun vəkillik fəaliyyəti dayandırılıb. Jurnalistlər bu qərarın onlara həm maddi, həm də mənəvi ziyan vurduğunu deyirlər.

“Yalçın İmanovla müqaviləm var. Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İstintaq İdarəsində istintaqı davam edən cinayət işi üzrə bir neçə dəfə dindirməyə çağrılmışam. Sonuncu dindirmə vəkilim Yalçın İmanovun iştirakı ilə keçirildi. Digər tərəfdən, ölkədən çıxışıma məhdudiyyət qoyulub. Bununla bağlı da məhkəmə işlərim var, şikayətim üzrə Avropa Məhkəməsində kommunikasiya mərhələsi başlayıb. Bu qadağanın aradan qaldırılmasından ötrü yenidən ölkə daxilində məhkəməyə müraciət etməli olsam, artıq Yalçın İmanov mənim hüquqlarımı müdafiə edə bilməyəcək. Çünki fəaliyyəti dayandırılıb”, - Aynur Elgünəş belə deyir.

Jurnalist yeni vəkillə müqavilə bağlamağın onun üçün əlavə xərc olduğunu söyləyir. Deyir, əsas məsələ həm də hüquqlarının müdafiəsini etibar etdiyi şəxsə güvəndir:

“Vəkillər Kollegiyasının 800-dən artıq üzvü olsa da, onların arasında gerçəkdən vəkilliklə məşğul olan, tənqidçi jurnalistləri müdafiə etməyə cəsarəti çatan, beynəlxalq hüququ, Avropa Məhkəməsi təcrübəsini bilən vəkillərin sayı çox azdır. Sağ olsun Vəkillər Kollegiyasının yeni rəhbərliyi, həmin azsaylı vəkilləri də bir-bir Kollegiyadan çıxarır. Mən kiminlə müqavilə bağlayım? Hüquqlarımın müdafiəsini kimə etibar edim?”

Jurnalistlər Vəkillər Kollegiyasına qarşı iddia ərizəsini yaxın günlərdə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə göndərəcək. A.Elgünəş deyir ki, yerli məhkəmələr iddianı təmin etməsə, bu iş də Avropa Məhkəməsi müstəvisinə çıxarılacaq.

Məsələyə Vəkillər Kollegiyasından açıqlama almaq, hələlik, mümkün olmayıb. Ancaq kollegiyanın sədri Anar Bağırov bu yaxınlarda AzadlıqRadiosu-na müsahibəsində vəkillərin qurumdan qərəzli şəkildə kənarlaşdırılması barədə deyilənləri “əsassız” adlandırmışdı.

Vəkillər Kollegiyası Rəyasət Heyətinin 2017-ci il noyabrın 20-də verdiyi qərarla Y.İmanovun vəkillik fəaliyyəti dayandırılıb. Səbəb kimi isə avqust ayında Penitensiar Xidmətin rəis əvəzi olmuş Oqtay Məmmədovun ondan şikayəti göstərilib.