Novruzəli Məmmədov haqqında çəkilmiş film festivalda nümayiş olunacaq

Mərhum azərbaycanlı jurnalist Novruzəli Məmmədov haqqında çəkilən “Bir ailənin faciəsi” filmi Niderland Krallığının Rotterdam şəhərində KIFF Beynəlxaq Film Festivalında nümayiş olunacaq.

Film İsveçrədə mühacir həyatı yaşayan rejissor-dokumentalist Laçın Məmişov tərəfindən lentə alınıb.

Bu barədə Meydan TV-yə filmin müəllifi Laçın Məmişov xəbər verib.

Müəllifin sözlərinə görə, bu, “Mühacirlər” layihəsi çərçivəsində çəkilən dördüncü filmdir və 2018-ci ilin yanvar ayında tamamlanıb.

“KIFF Beynəlxalq Film Festivalında filmin ilk premyerası olacaq. Bundan əlavə, film bir neçə beynəlxalq film festivallarına təqdim olunub və müsbət cavab alınıb. Filmin ümumi xronometrajı 50 dəqiqədir və hələlik ingilis dilinə tərcümə olunub. Yaxın zamanlarda filmin rus və alman dillərinə də tərcümə olunması nəzərdə tutulub”.

“Tolışi Sedo” qəzetinin təsisçisi və baş redaktoru, “Talış Mədəniyyət Mərkəzi”nin rəhbəri, mərhum professor Novruzəli Məmmədov 2007-ci ildə həbs olunub və həbsxanada müəmmalı şəkildə dünyasını dəyişib. 

N.Məmmədovun oğlu Kamran Məmmədovun atası həbsdə olduğu zaman naməlum şəxslər tərəfindən döyüldüyü, ertəsi gün öldüyü bildirilir.

Ailənin ikinci oğlu Emil Məmmədov isə atasının 40 mərasimindən Bakıya qayıdarkən anası Məryəm Məmmədova ilə birlikdə avtoqəzaya düşür. Bakı-Astara yolunda qarşı tərəfdən gələn ağırtonajlı yük maşını Emil Məmmədovun idarə etdiyi avtomobilə çırpılır. Nəticədə Emil Məmmədov və Məryəm Məmmədova ağır xəsarətlər alaraq xəstəxanaya yerləşdirilirlər. Bir müddət sonra Emil Məmmədov müalicə üçün Moskvaya aparılır və xəstəxanada həyatını itirir. Ailənin yeganə sağ qalan üzvü, Novruzəli Məmmədovun xanımı Məryəm Məmmədova ölkəni tərk edərək Niderland Krallığında siyasi sığınacaq istəmək məcburiyyətində qalır. O, hazırda Niderland Krallığının Haaqa şəhərində yaşayır.

L.Məmişov düşünür ki, film Azərbaycanda birmənalı qarşılanmayacaq:

“Bizim ölkədə qəribə yanaşma var. Bəzi “millətçilər” deyir ki, “niyə Novruzəli Məmmədov haqqında film çəkirsən?” - Yəni TMR (Talış Muğan Respublikası) məsələsinə eyham vururlar. Bəzi “ura-patriot” talışlar da deyir ki, “bizim hüquqlarımızı pozurlar, diskriminasiyaya məruz qalırıq”. Amma hamısı əsas problemi anlamırlar ki, Azərbaycancanda TMR problemi talışlardan çox hakimiyyətə lazım idi və ümumiyyətlə, Novruzəli Məmmmədovun TMR məsələsinə heç bir aidiyyatı olmayıb. Əksinə Novruzəli Məmmədov hakimiyyətə həmişə loyal münasibət bəsləyib. Onun rəhbərlik etdiyi “Talış Mədəniyyət Mərkəzi” Heydər Əliyevin şəxsi göstərişi ilə yaradılıb. O ki qaldı hüquqların pozulması və ya diskriminasiya məsələsinə, Azərbaycanda vətəndaşların hüququ milli kimliyinə görə yox, ümumiyyətlə, vətəndaşların heç bir hüququ olmadığı üçün pozulur. Konstitusiyanın 1-ci maddəsi sadəcə dekorasiya üçündür”.

Laçın Məmişov deyir ki, “Mühacirlər” layihəsi çərçivəsində çəkilən hər filmi öz peşə fəaliyyətini yerinə yetirərkən həlak olan jurnalistlərin xatirəsinə həsr edib.

Rejissorun bundan əvvəl çəkdiyi filmlər “Monitor” jurnalının baş redaktoru olmuş Elmar Hüseynovun, eləcə də Milli qəhrəmanlar Çingiz Mustafayev və Salatın Əsgərovanın xatirəsinə həsr edilib.