Oyan Hərəkatı siyasi təşkilatları boykota səslədi

Hərəkat bunu hakimiyyətin növbəti seçki oyunu kimi qiymətləndirir

Avropada fəaliyyət göstərən Oyan Hərəkatı Azərbaycanda növbədənkənar prezident seçkilərinin keçirilməsi ilə bağlı bəyanat yayıb. Hərəkat bunu hakimiyyətin növbəti seçki oyunu kimi qiymətləndirir.

“Seçkilərin heç bir açıqlama verilmədən, ictimai müzakirəyə çıxarılmadan, önümüzdəki iki aylıq müddətdə keçirilməsi namizədlərin hazırlıq işlərinə mane olduğunu nəzərə alaraq, bunu yalnız hakim şəxsin, yəni İlham Əliyevin xeyrinə yönəlmiş addım kimi qiymətləndiririk.
Oyan Hərəkatı hesab edir ki, hakimiyyət bununla da müxalif namizədlərin seçkidə iştirakını əngəlləməklə, keçən hər seçkidə olduğu kimi, seçkiləri rahatlıqla saxtalaşdırmağı hesablayıb”.

Oyan Hərəkatı seçkilərin azad və ədalətli keçiriləcəyinə şübhə ilə yanaşdığını bildirir və seçkiləri boykot edəcəyini bəyan edir:

“Buna əsas olaraq ölkədə siyasi azadlıqların olmadığını, o cümlədən namizədlərə bərabər hüquqların tanınmadığını, sərbəst təşviqat kampaniyasının aparılmasına imkan verilmədiyini, azad medianın sıxışdırılaraq qapadıldığını, sərbəst toplaşma azadlığına qoyulan qadağanı, müxalif namizədlərin səslərinin saya alınmamasını və s. bu kimi məsələlərin olduğunu qeyd edir”.

Hərəkat müxalif partiya və təşkilatları da boykot qərarına çağırır və İlham Əliyevin özünü dördüncü dəfə "prezident" təyin etməsi oyununda iştirak etməməklə onun legitimliyini tanımamağa səsləyir.