Ölkədə İlahiyyat İnstitutu yaradılır

İlham Əliyev

Altay Göyüşov: ''Hökumətin indiki siyasəti ilə dindarları nəzarətə götürəcəyi inandırıcı deyil''

Prezident İlham Əliyev Azərbaycan İlahiyyat İnstitutunun yaradılması haqqında sərəncam imzalayıb.

Sərəncama əsasən, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi öz tabeliyində Azərbaycan İlahiyyat İnstitutu yaradacaq.

Təhsil Nazirliyinə Bakı Dövlət Universitetinin İlahiyyat fakültəsinin Azərbaycan İlahiyyat İnstitutunun strukturuna daxil edilməsini təmin etmək tapşırılıb.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi isə iki ay müddətində Azərbaycan İlahiyyat İnstitutunun nizamnaməsini prezidentlə razılaşdırmaqla təsdiq etməlidir.

Sərəncamı Meydan TV-yə şərh edən tarixçi-alim Altay Göyüşov deyir ki, İlahiyyat İnstitutunun yaradılması 2017-ci ildən başlayıb:

"Əvvəl İlahiyyat fakültəsində teologiya ixtisasına qəbul dayandırıldı, ardınca Dini Komitə Bakı İslam Universitetində təhsilin aşağı səviyyədə olduğunu bildirdi və sonra 10 yeni islam kolleci qeydiyyata alındı. Proses hökumətin dini təhsili tamamilə nəzarətə almaq istədiyini göstərir”.

Altay Göyüşov
Altay Göyüşov

Altay Göyüşov xarici təcrübədən misal çəkərək bildirib ki, Amerika sistemində dini təhsil sərbəst buraxılıb, Türkiyə və Fransa sistemində isə dövlətin nəzarətindədir:

“Ona görə ciddi problem görmürəm, sistemdən sistemə fərq var. Amma Azərbaycanda şiəlik məzhəbi yayıldığından bunun xüsusiyyətləri fərqlidir. Birinci, Mərcəi-Təqlid var və bu da Qum və Nəcəfdədir. Bəli, Dini Komitənin niyyəti yaxşıdır, amma bunun gerçəkləşməsi şübhə doğurur. Çünki hökumət dini həyata nəzarət etmir, dindarların da 70 faizi dini qurumların avtoritetini qəbul etmir. Sovet hökuməti fərqli yol tutdu, sərhədləri bağlayıb Daşkənddə mədrəsə və univesitet açdı. Və sovet mollasının yaratdığı idarənin indi də nüfuzu yoxdur. Bu mənada hökumətin indiki siyasəti ilə dindarları nəzarətə götürəcəyi inandırıcı deyil".

Onun sözlərinə görə, bu sistemin işləməsi üçün debata imkan yaradılmalıdır:

“Dindarları həbs etməklə və mərasimlərə qadağa qoymaqla heç nəyə nail olmaq mümkün deyil”.