Mark Zuckerberg
Mark Zuckerberg

Facebook məhdudiyyətlər qoyacaq

Osman Gündüz: “İnformasiya əldə olunması çətinləşəcək”

Facebook sosial şəbəkəsində postlar, video və fotoların paylaşımında dəyişiklik edilib.

Şəbəkədən yanvarın 11-də verilən məlumata görə, 2 milyarddan çox istifadəçi artıq ilk növbədə dostları və ailə üzvlərinin paylaşdıqlarını görəcək, brend və nəşrlərin postları ikinci dərəcəli sayılır.

Məlumatı AzadliqRadiosu “The New York Times” qəzetinə istinadən yayıb.

Bildirilir ki, dəyişiklik Facebook-un xəbər lentində son illər edilən ən böyük yenilik sayılır:

“Növbəti bir neçə həftə ərzində isifadəçilər media şirkətlərindən gələn video və məqalələri daha az görəcəklər. Əvəzində Facebook-da dostlarınızın postları önə çıxacaq – məsələn, itinizin fotosunu, yaxud dostlarınızın daha çox şərh yazdığı, yaxud bəyəndiklərini görəcəksiniz”.

İstifadəçilərin vaxtını yaxşı keçirməsini istəyirik

Facebook-un rəhbəri Mark Zuckerberg deyib ki, məqsəd adamların bu sosial şəbəkədə ünsiyyətini “mənalı” etməkdir:

“Facebook istifadəçiləri ən çox sarsıdan, yaxud ziyan vuran postları yaxından araşdırıb. Biz “passiv kontenti” azaltmağa çalışırıq, yəni belə video və məqalələr istifadəçilərin daha çox oturub oxuması, baxması üçündür, nəinki ünsiyyət qurması. İstifadəçilərin vaxtını yaxşı keçirməsini istəyirik”.

“The New York Times” Facebook-un xəbər lentinə dəyişikliklərinin təsirinin böyük olacağını yazır.

“Axı, bir çox nəşrlər, qeyri-hökumət təşkilatları, kiçik şirkətlər adamlarla bu sosial şəbəkə vasitəsiylə ünsiyyət qururlar. İndi postlarının prioritetinin salınması onlara ziyan vura bilər”.

Facebook-da xəbər lentinə məsul Adam Mosseri də etiraf edib ki, tərəfdaşlar və naşirlərin “narahatlığı” gözləniləndir. Onlar elə əvvəllərdə də sosial şəbəkədəki daimi dəyişikliklərdən gileylənirdilər.

Bu dəyişiklik Facebook-un özünün də biznes maraqlarının əleyhinə işləyə bilər. İndiyədək sosial şəbəkə istifadəçilərin burada çox vaxt keçirməsinə çalışırdı. İndi isə populyar kontentin miqyası azalacaq deyə, adamlar da vaxtlarını başqa cür keçirməyə başlayacaqlar.

Osman Gündüz
Osman Gündüz.

Şəbəkə ziyan çəkəcək

Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz dəyişikliyin biznes maraqlarından irəli gəldiyini düşünür.

O, bu barədə Meydan TV-yə bildirib ki, son illər kommersiya və müxtəlif məlumatların yayılmasından gəlir əldə edən qurumlar Facebook-dan daha çox istifadə edib dolayısı ilə uğur qazanırdılar:

“Açıq şəbəkə olduğundan kommersiya qurumları qeyri-kommersiya vasitəsi ilə bu platformadan istifadə edirdilər. Zaman-zaman bu məsələ Facebook-da müzakirə predmetinə çevrilirdi. Güman ki, Facebook-un administrasiyası kommersiya qurumlarının, holdinqlərin, şirkətlərin qeyri-kommersiya platformasına ödəniş etmədən biznes məqsədi üçün istifadəsini məhdudlaşdıracaq”.

Osman Gündüz bu qərarın gözlənilən olduğunu deyib:

“Yəqin ki, Facebook adminsitrasiyası gəlirlərinin azaldığını, amma xərclərinin artdığını görüb və qərar qəbul ediblər. Məncə, bundan şəbəkə ziyan çəkəcək. Məsələn, mən hansısa xəbər agentliyini izləməsəm də, məlumatı Facebook-dan alıb informasiya əldə edirdim. Bütün hallarda bu kommersiya qurumlarına yox, şəbəkənin üzvlərinə təsirini göstərəcək, xüsusən informasiya əldə olunması çətinləşəcək. İlk baxışdan ədalətli qərar təsiri bağışlayır, amma informasiya azadlığı üçün, Facebook-un faydalı tərəflərinin azalması baxımından problemlər yarada bilər”.