Fitch Ratings
Fitch Ratings

''Fitch'': Azərbaycan valyuta məzənnəsini idarə edir

Natiq Cəfərli: “Məzənnənin formalaşmasında bazar prinsipi yoxdur”

“Azərbaycan yenidən valyuta məzənnəsini aktiv şəkildə idarə etməyə başlayıb”.

“Report”un məlumatına əsasən bu barədə “Fitch” beynəlxalq reytinq agentliyi qrupuna daxil olan “BMI Research” araşdırma şirkətinin hesabatında deyilir.

“BMI Research”in Avropa ölkələri üzrə risk Departamentinin rəhbəri Lukas duş Santuş bildirib ki, bu addım, iqtisadiyyatda zəruri olan struktur dəyişiklikləri gecikdirir və valyuta ehtiyatlarının axıb getməsinə səbəb olur.

“Dalğalı məzənnə rejimindən geri addım atılması neft və qaz qiymətlərinin artmasından sonra ölkənin yenidən köhnə üsullara qayıtmaq istədiyini göstərir. Bununla yanaşı, Beynəlxalq Valyuta Fondu (IMF) da Azərbaycan üçün çevik məzənnə siyasətinin vacib olduğunu bildirib. Fond bildirib ki, Azərbaycan 2016-cı ilin sonunda “McKinsey&Co.” konsaltinq şirkəti tərəfindən hazırlanan iqtisadi islahatlarla bağlı yol xəritəsində nəzərdə tutulduğu kimi, manatın məzənnəsinin sərbəst üzməsinə imkan verilməlidir”.

ReAL idarə heyətinin üzvü, iqtisadçı Natiq Cəfərli hesab edir ki, “Fitch” kimi nüfuzlu təşkilat da neft qiymətləri qalxan kimi ölkənin köhnə modelə döndüyünü, məzənnənin isə inzibati olduğunu bəyan edir:

“Üç ildir Mərkəzi Bank israr edir ki, "üzən məzənnə" rejiminə keçib. Elə üç ildir biz də israrla deyirdik ki, məzənnə üzən deyil, inzibatidir, nəzarət altındadır. Məzənnənin formalaşmasında bazar prinsipi yoxdur. Dəfələrlə məmurları başa salmağa çalışdıq ki, üzən məzənnə üçün ölkədə iqtisadi institutlar, normal infrastruktur yoxdur”.

2017-ci il ərzində dolların məzənnəsi 1,7707 manatdan 1,7001 manata qədər dəyişib. Ötən il dolların Azərbaycanda ən yüksək kursu fevralın 1-də qeydə alınıb - 1,9200 manat.