''Youtube''-un təmsilçisi Meydan TV-dən üzr istədi

"Youtube" kanalının təmsilçisi Meydan TV-dən üzr istəyib. Buna səbəb Meydan TV-nin bir neçə video-materialının heç bir əsas olmadan bloklanmasıdır.

"Youtube" kanalının Türkiyədəki təmsilçisi olan "Muse Network"dən Meydan TV-yə göndərilən üzrxahlıq məktubunda deyilir:

"Çox hörmətli Meydan TV-nin səlahiyyətli şəxsləri, sizə "Muse Network" şirkətinin İstanbuldakı baş ofisindən yazırıq. Şirkətimiz 2012-ci ildə İstanbulda qurulub. Həmin gündən bu yana Tarkan, Cem Yılmaz, Selda Bağcan, Sezen Aksu, Çahan Gökbahar kimi sənətçilərlə birlikdə "Algida", "Starbucks", "Molped", "Cornetto" kimi bir çox markanın dəstəyilə "Youtube"-da video hazırlanması və bu videoların daha çox insana çatması xidmətini göstəririk.

Bir müddət öncə Azərbaycandakı tərəfdaş şirkətimizdə məsuliyyətsiz birinin heç gözləmədiyimiz davranışı ilə qarşılaşdıq. Bunun nəticəsində sizi pis vəziyyətə salmışıq. Buna görə üzr istəyirik. 5 illik fəaliyyətimizdə ilk dəfədir ki, belə bir böyük məsuliyyətsizliklə üz-üzə qalmışıq. Sizi çətin duruma saldığımıza görə üzr istəyirik".

Məktubda bildirilir ki, saxta yollarla "Muse Network" şirkətinin panelindən Meydan TV videolarının silinməsinə çalışılıb. Şirkət bildirir ki, bunu edən şəxslə bütün əlaqələrini kəsiblər. Ona qarşı hüquqi addım atacaqlar:

"Bundan əlavə, Azərbaycandakı şöbəmizi bağlamaq qərarı almışıq. Bundan sonra Azərbaycanda faktiki fəaliyyət göstərməyəcəyik. Onu da demək istəyirik ki, indiyə qədər "Youtube"un qəbul etdiyi söz azadlığı prinsipini maksimum həssaslığı ilə tətbiq etdik. Buna davam edəcəyik. Təkrar üzr istəyir, yaxın zamanlarda sizinlə görüşüb, özümüzü daha yaxşı ifadə etmək istəyərik".
Meydan TV-nin direktoru Emin Milli isə "Muse Network"-un üzrünü qəbul etmir. O, bu durumu qəbuledilməz sayır. Deyir, belə çıxır ki, hansısa şirkət istənilən müstəqil, böyük izləyicisi olan medianı asanlıqla bloklaya bilər:

"Nə az, nə çox, düz 4 videomuzu "Youtube"dan silib, xəbərdarlıq ediblər. Bir neçə xəbərdarlıq da alsaydıq, kanalı silə bilərdilər. Həmin gün "Youtube"-a yazmışdım. Cavab hələ dünən gəlib. Belə çıxır ki, "Youtube" xəbər alanadək kanalımız silinə bilərdi. "Youtube"un Türkiyədəki partnyor şirkəti "Muse Network" bizə yazıb üzr istəyir. Azərbaycandakı bölməsini bağladıqlarını söyləyirlər. Eyni zamanda, "Youtube"-dan bizə məktub gəlib ki, məsələni "Muse Network" araşdırır. Tərəfdaşlıq statusundan sui-istifadənin qurbanı olduğumuzu deyirlər, təkrarının olmayacağını söyləyirlər. Üzrxahlıqlarını qəbul etmirəm. Şirkətin məsuliyyəti olmalıdır. Əgər "Youtube"-dan bu hüququ alıblarsa, hansısa müəllif hüquqlarının qorunmasına nəzarət edirlərsə, əllərində əsas olmadan hansısa azad mediaya qarşı belə ədalətsizlik edilməyə icazə verməməlidirlər".


Emin Milli deyir ki, kanalın səhifəsinə müdaxilə Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) rəhbəri Rövnəq Abdullayev barəsində 5 dəqiqəlik araşdırma video-çarxdan sonra başlanıb:

"Videoda Rövnəq Abdullayevin fəaliyyətindən bəhs edilirdi. 500 mindən artıq baxış olmuşdu. Düşünürəm ki, bütün bu sistematik hücum məhz həmin materialdan sonra oldu. Şirkət tərəfindən silinən və bloklanan digər videolar İlham Əliyev və ailəsi, Rövnəq Abdullayev və ARDNŞ, polis qəddarlığı barəsində idi. Hesab edirik ki, "Muse Network" şirkətinə "Youtube" tərəfindən ciddi sanksiya tətbiq olunmalı, tərəfdaşlıqları ləğv edilməlidir. Azərbaycandakı şirkətin ləğvi və şirkətin rəhbəri Şəhriyar Tağıyevə qarşı cinayət işi açılması bizi qane etmir. Həm də şirkətin səmimiyyətinə inanmırıq. Biz bilmirik, bu, doğrudanmı Şəhriyar Tağıyevin səhvidir, yoxsa Rövnəq Abdullayevlə həmin şirkət arasında hansısa sövdələşmənin nəticəsidir. Bütün bunları sübut edə bilmədiyimiz üçün hesab edirik ki, məsuliyyət bir nəfərin yox, şirkətin üzərinə düşür. Bir sözlə, şirkət statusundan düzgün istifadə etməyib, azad mediaya hücum edə bilirsə, partnyorluğu əlindən alınmalıdır. Bu da ARDNŞ və başqa böyük şirkətlərlə sövdələşməyə gedənlərə dərs olmalıdır".

Emin Milli ümid edir ki, "Youtube" gələcəkdə daha ədalətli, şəffaf və konkret mübahisə həll etmək prosesi quracaq:
"Hazırkı "Youtube"-un sistemindən Meydan TV olaraq narahatıq. Ümid edirik ki, "Youtube" "Muse Network"la bağlı nümunədən nəticə çıxaracaq".

Dekabrın 7-dən başlayaraq Meydan TV-nin "Youtube" kanalındakı 10-dək videoya xəbərdarlıq edilməyə başlanıb. Həmin videolarda müəllif hüquqlarının pozulduğu deyilib. Ancaq pozuntunun dəqiq videonun neçənci dəqiqəsi, saniyəsi, hansı görüntüdə olduğu bildirilməyib. Nəticədə Meydan TV-nin "Youtube" kanalından 4 video silinib. Kanala xəbərdalıq edilib.

Kanalın reaksiyasından sonra "Youtube"-nin Türkiyədəki tərəfdaşı "Muse Network" şirkəti Meydan TV-dən üzr istəyib.

Emin Milli 4 videonun silinməsini mücərrəd iddia hesab edir. Deyir, konkret hüquq pozuntusu olan dəqiqəni, saniyəni, görüntünü göstərmirlər: "Həmin materialların hamısı bizim jurnalistlər tərəfindən çəkilib. "Muse Network" partnyorluq statusundan sui-istifadə edib videolarımızı bloklayıb. Daha sonra videolar geri qaytarılsa belə bu yanlış qərarlar idi. İndi də durub üzr istəyir".