Dövlətə xəyanətdə ittiham olunanların işi məhkəməyə göndərilib

Bakı Hərbi Məhkəməsi

Proses Bakı Hərbi Məhkəməsində keçiriləcək

Dövlətə xəyanətdə ittiham olunan bir qrup mülki şəxsin cinayət işinin istintaqı yekunlaşıb.

“Turan”-ın məlumatına görə, iş baxılması üçün Bakı Hərbi Məhkəməsinə göndərilib. Cinayət işinin materialları Bakı Hərbi Məhkəməsinin sədri Həbib Həsənovun icraatındadır.

2017-ci il mayın 3-də Hərbi Prokurorluqda Cinayət Məcəlləsinin 274-cü maddəsi (Dövlətə xəyanət) ilə cinayət işi başlanıb. Məxfi əməkdaşlığa cəlb olunmuş bir qrup hərbi qulluqçu və mülki şəxslər cinayət məsuliyyətinə cəlb edilərək barələrində həbs qətimkan tədbiri seçilib.

Baş Prokurorluq, Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidmətinin 2017-ci il mayın 7-də yaydığı birgə bəyanatında deyilir ki, Ermənistan Silahlı Qüvvələrinin kəşfiyyat və xüsusi xidmət orqanları tərəfindən Müdafiə Nazirliyinin Tərtər rayonu istiqamətində yerləşən bölmələrinə və yaşayış məntəqələriə qarşı genişmiqyaslı təxribat fəaliyyətinin həyata keçirilməsinin planlaşdırıldığı barədə əldə edilmiş məlumat əsasında aparılmış tədbirlər nəticəsində müəyyən olunub ki, bir qrup hərbi qulluqçu və digər mülki şəxslər Azərbaycanın suverenliyi, ərazi toxunulmazlığı, dövlət təhlükəsizliyi və müdafiə qabiliyyəti zərərinə olaraq düşmən kəşfiyyatçıları ilə məxfi əməkdaşlığa cəlb edilərək müxtəlif vaxtlarda maddi maraqları naminə hərbi sirr təşkil edən məlumatları əldə etməklə düşmən tərəfinə ötürüb.

Baş prokuror Zakir Qaralov bildirib ki, casus şəbəkəsi Müdafiə Nazirliyinin rəhbərliyi tərəfindən ifşa olunub.
Medianın məlumatına görə, həbs edilənlərdən bir neçəsi istintaq zamanı ölüb. Meydan TV onların bəzisinin gizli şəkildə dəfn edilməsi ilə bağlı məlumatlar dərc edib.