Oqtay Gülalıyev ''Qafqazın qəhrəmanı 2016''ın qalibi oldu

Oqtay Gülalıyev foto Turxan Kərimov

Səsvermə iştirakçılarının 34,25 faizi onu dəstəkləyib

Hüquq müdafiəçisi Oqtay Gülalıyev Rusiyanın internet nəşri  "Kafkazskiy Uzel" tərəfindən keçirilən "Cənubi Qafqazda öz qəhrəmanını seç" onlayn səsvermənin qalibi olub.

Səsvermədə Cənubi Qafqaz regionunun vətəndaş cəmiyyəti fəallarından hüquq müdafiə sahəsində daha çox fərqlənən 7 namizəd təmsil olunub.

“Turan! İA yazır ki, "Siyasi məhbuslarsız Azərbaycan" İctimai Alyansının rəhbərinin namizədliyi siyasi məhbus siyahılarının tərtib edilməsində və onların hüquqlarının müdafiəsində xidmətlərinə görə irəli sürülüb.

Onlayn səsvermənin yanvarın 10-da başa çatdığı qeyd edilib. Yekunlara əsasən Oqtay Gülalıyev siyahıda lider olub. 

Səsvermə iştirakçılarının 34,25 faizi onu dəstəkləyib.

Helsinki Vətəndaş Assambleyasının Vanadzor (Ermənistan) ofisinin sədri Artur Sakunts 29,69 faiz səslə ikinci olub.

Üçüncü yeri Gürcüstanın Cənubi Osetiya bölgəsindən Tamara Mearakişvili tutub.

Şimali və Cənubi Qafqaz üzrə səsvermə ayrı keçirilir.