Əli İnsanovun məhkəməsinin vaxtı dəqiqləşdi

Əli İnsanov

Vəkil kassasiya şikayətinə baxılmasının yubadılmasını siyasi qərar adlandırıb

Sabiq səhiyyə naziri Əli İnsanovun kassasiya şikayəti ilə bağlı növbəti məhkəmə iclası yanvarın 16-da saat 10.25-ə təyin edilib. Bu barədə Turan-a vəkil Toğrul Babayev bildirib.

Ə.İnsanovun kassasiya şikayətinə baxış 2017-ci il noyabrın 14-də Ali Məhkəmədə hakim Fərhad Kərimovun sədrliyi ilə başlayıb və dövlət ittihamçısı Rizvan Şəmmədov xahişilə proses qeyri- müəyyən vaxtadək təxirə salınıb.

Vəkil Toğrul Babayev kassasiya şikayətinə baxılmasının yubadılmasını siyasi qərar adlandırıb.

"Əli İnsanov hesab edir ki, işə baxılmasının süni şəkildə yubadılması onun Avropa İnsan Hüquqları Məhkəməsinə şikayət verməsini əngəlləmək məqsədi daşıyır", - vəkil qeyd edib.

Əli İnsanov 2005-ci ilin oktyabrında dövlət çevrilişinə cəhddə ittiham olunaraq həbs edilib. O, sonradan iqtisadi cinayətlərdə ittiham olunaraq11 il azadlıqdan məhrum edilib.

2016-cı ilin oktyabrında həbsdən çıxmasına bir neçə gün qalmış ona qarşı yeni ittihamlar irəli sürülüb: 234.1 (narkotik maddənin əldə edilməsi və saxlanması), 315.2 (xidməti vəzifəsini yerinə yetirərkən hakimiyyət nümayəndəsinə müqavimət göstərmək), 317.2.1 (qadağan olunmuş əşyaların hazırlanması, saxlanması və gəzdirilməsi).

2016-cı il oktyabrın 11-də Qaradağ Rayon Məhkəməsi həbsdə olan sabiq nazirə yeni həbs qərarı çıxarıb.

2017-ci il aprelin 26-da Bakının Qaradağ Rayon Məhkəməsinin hökmü ilə Ə.İnsanov 7 il 5 gün azadlıqdan məhrum edilib.

Keçmiş nazir Qaradağ Rayon Məhkəməsinin hökmünü onun həbsdən buraxılmaması üçün "uydurulmuş ittihama verilən ədalətsiz hökm" adlandırıb.

"Onlara çatdırın ki, siz heç zaman dəmir barmaqlıqlar arxasında Əli İnsanovun kədərli heykəlini görməyəcəksiniz. Əli İnsanov mübarizə adamıdır, xalqının azadlığı və firavanlığı uğrunda dəmir barmaqlıqlar arxasında da mübarizəsini aparacaq. Əli İnsanov ölümlə rəqs edənlərdəndir. Onu heç nə qorxutmur. Bu həbsi də iki prezident seçkisinə hesablamısınız", - Ə.İnsanov qeyd edib.

2017-ci il iyunun 22-də Bakı Apellyasiya Məhkəməsi hakim Əflatun Qasımovun sədrliyi ilə keçmiş səhiyyə nazirinin 7 il 5 gün azadlıqdan məhrum edilməsi ilə bağlı Qaradağ Rayon Məhkəməsinin hökmündən verilən şikayəti təmin etməyib. Bundan sonra Ə.İnsanov Bakı Apellyasiya Məhkəməsinin qərarından kassasiya şikayəti verib.

Vəkilin sözlərinə görə, kassasiya şikayətinə baxış üç aydan çox təxirə salındıqdan sonra Ə.İnsanov Ali Məhkəmənin sədri Ramiz Rzayevə məktubla müraciət edərək süründürməçiliyə etirazını bildirib və bundan sonra məhkəmə noyabrın 14-nə təyin edilib.

2013-cü il martın 14-də Avropa İnsan Hüquqları Məhkəməsi Ə.İnsanovun ədalətsiz mühakimə olunması barədə qərar çıxarıb. Ancaq Azərbaycan hakimiyyəti hökmü dəyişməyib.

Avropa Şurası Nazirlər Komitəsi Azərbaycan hökumətini Avropa məhkəməsinin qərarını yerinə yetirməyə çağırıb.

Hüquq-müdafiə təşkilatları Ə.İnsanovu "siyasi məhbus" kimi tanıyıblar.

Ə.İnsanov bütün məhkəmələrdə hazırki iqtidarın yüksək vəzifəli şəxslərini kəskin tənqid edib.