Zərdüşt Əlizadə
Zərdüşt Əlizadə

Milli ''3D''

Analoqu olmayan millət kimi biz heç vaxt zəmanənin elmi tərəqqisindən geridə qalmamışıq. Hələ müsəlman dünyasına mənsub olduğumuz vaxtlar əgər digər müsəlmanlar Seyyidə Zeynəb və ya İmam Rza cəddinə qurban olurdularsa, biz öz milli xüsusiyyətimizə uyğun olaraq adı müsəlman övliyalarının heç bir dəftərində qeyd olunmamış Seyyid İbad ağanın, ya da Diri Babanın cəddinə niyaz verərdik.

Şanlı sovet illərində digər respublikalar plan öhdəliklərini böyük hiylə və hətta peşkəş hesabına azaltmağa çalışdığı vaxtlarda biz sinəmizi qabağa verib plandan əlavə öhdəliklər götürərdik və Nikolay padşahın xələflərindən yağlı bir “Malades” mayası almaqla fəxr edərdik.

Zəmanə dəyişib, Yer kürəsi sürətlə qloballaşır, türk arkadaşlarımız demişkən, “kürəsəlləşir”, hamı hər yerdə öndə gedənlərə bənzəməyə çalışır.

Amma biz yox! Heç zaman! Əsla və heç bir vəchlə! Biz bənzərsizliyimizi heç zada dəyişən deyilik! Dünya “3D” deyilən texnologiya əsasında sənaye məhsulu, hətta avtomobil və bina yaradırsa, bizi öz milli “3D”-mizi irəli verib, heç vaxt və əsla dəyişməyəcəyimizə and içirik.

Bu milli “3D” nəmənədir və nədən düzəldilib?

Qulluğunuza ərz edim ki, bu milli “3D”-nin tərkibi xalis milli üç mühüm ünsürdən qayrılıb. Birinci və ən mühüm “D” – Dəllallıqdır.

Dəllallıq millətimizin xəmirində mayadır, onsuz heç bir işimiz aşmır. Hamı dəllallıq ilə məşğuldur. Yəni heç kim nə isə yeni düzəltmir, hamı başqalarının düzəltdiyini digərlərinə satmaqla özlərinə ruzu qazanır.

Hakimiyyət Allahın Azərbaycana bəxş etdiyi nefti və qazı satmaqla dolanır. Yəni ölkəmizin əsas sərvətini satan dəllal hakimiyyətdir. Bu dəllallıq hüququna sahib çıxmaq üçün ölkəmizdə nələr baş vermədi? Şanlı milli-azadlıq mübarizəsindən başlamış dövlət çevrilişlərinə qədər – hamısı da bu şoğərib nöyütü satmaq hüququ uğrunda!
Lakin təbii sərvətlərlə yanaşı hakimiyyətimiz başqa xırda-para şey-şüyü də qalan məxluqata satır. Məsələn, azadlıqda qalıb asudə gəzmək hüququna dəllallıq edir. Bu hüquqdan istifadə etmək istəyən kəslər hakimiyyətə öz borclarını verməlidirlər. Bu borclara nə daxildir?

Birincisi, hakimiyyətdən heç nə soruşmamaq və heç nə tələb etməmək borcu. Bu borcu verməyənin yeri ya qürbətdir, ya məhbəs.

İkincisi, əlinə keçən pulu hakimiyyət nümayəndələrinin birinci tələbi ilə sözsüz onlara vermək borcu. Bu borcu ödəmək istəməyənlərin də yeri ya qürbətdir, ya məhbəs.

Üçüncüsü, daima “ləbbeyk” demək borcu. Hakimiyyət nə edirsə etsin, bu ərazidə yaşayan məxluqat mütləq var gücüynən “ləbbeyk” qışqırmalıdır. Bir balaca filoloji savadı olanlar “Şəbbeyk, ləbbeyk, abdək beynə yədeyk” də qışqıra bilərlər. Qışqırmasa, ola bilsin ki, tutmazlar və ya qürbətə qovmazlar, lakin buynuzundan tutub ağzını-başını dövlət axurundan uzaqlaşdırarlar.

Dördüncüsü, torpaq alverinə məhəbbət elə torpağa məhəbbətdən az deyil ki, çoxdur. Mən dəxi torpağın bir hissəsinin hakimiyyətə barter edilməsi barədə bayağı və inanılmaz söhbətləri açmayacağam, kifayətdir ki, ölkənin hər güşəsinin gözəgəlimli yerlərində daşa-divara, qapı-pəncərəyə, dirək-şalbana vurulmuş və yapışdırılmış “Torpaq satılır” elanını oxuyasınız.

Bu dəllallıq şakəri hamıya sirayət edib. Bacaran da, bacarmayan da dəllallıqla çörək pulu qazanır.

Məsələn, ənənəvi siyasi müxalifət elə-hey bu ərazidə məskunlaşan məxluqatin heç vaxt görmədiyi, bilmədiyi və dadmadığı “Azadlığ”ı və “Demokratiya”nı satmağa can atır. Elə-hey çığırıb-çağırıb tərifləyir. “Ay alan, məmləkəte-Rey satıram!”

Məxluqatdan qafil olanı yavuqlaşıb soruşur ki, “o, nə olan şeydir? Göstər malını”. Ənənəvi müxalifət də deyir: “Biz bir il hakimiyyətdə olanda sizə bol-bol göstərmişik də, nə tez yadınızdan çıxıb?”

Məxluqat bunu eşitcək dəxi heç nə deməyib tez aralanır və addımlarını yeyinlədib xata-baladan uzaqlaşır.

Vətəndaş cəmiyyəti fəalları da uzaq Qərbdə istehsal edilmiş insan haqlarını və qanunun aliliyini satmağa çalışır.

Bu mala da məxluqat yaxın durmur, zira “evdə bişməyib, qonşudan gəlməyib”. Hətta hakimiyyət onun halal bazarına pəl vurmağa çalışan təxribatçıları tutub qazamata basanda və ya hürküdüb qürbətə qaçırdanda məxluqat razılıqla zümzümə edir və deyir ki, “böyüyün üzünə ağ olmazlar!”

Avtovağzalda istəyirsən taksiyə minib əyalətə gedəsən, yolunu bir neçə heyvərə kəsib deyir: “Gəl sənə əla maşın tapaq” Deyirsən ki, lazım deyil, özüm maşın taparam. Yox a, əl çəkən deyillər, Mərəzə dilənçiləri kimi qır-saqqız olub səni taksiyə qədər ötürəcəklər və bədbəxt sürücüdən “müştəri gətirdiyinə görə” neçə manatsa qoparacaqlar. Onlara avtovağzal rəhbərliyi himayəlik edir və təbii ki, tam minnətsiz!

Bəli, birinci “D” əsl millidir!

Lakin ikinci “D” də millilikdə ondan geri qalmır. Bu “D”-nin adı Danabaşlıqdır. Ölməz Mirzə Cəlil onu elə təsvir edib ki, əlavə geniş izahata dəxi ehtiyac yoxdur. Buna heç kəsin zərrə qədər şübhəsi olmasın! Bəzi zahiri fərqlər sizi aldatmasın. Məsələn, Mirzə Cəlilin təsvir etdiyi danabaşlar, əgər bəxtləri gətirmişdisə, ayıb olmasın, eşşək minərdilər. İndiki danabaşlar avtomobil minirlər, qalstuk bağlayırlar və bəziləri bir az rusca və ingiliscə qırıldadır.

Bəziləri “filan sahədə fəlsəfə elmləri doktoru” diplomunu baxanın gözünə soxur.

Uzaqdan və kənardan baxan da təsəvvür edə bilər ki, bunlar daha danabaş deyillər. Təsəvvür edə bilər və... yanılar, zira yavuqlaşıb bu avtomobil minib qalstuk bağlayan məxluqatla bir balaca yaxından ünsiyyət qurandan sonra həmin andaca bilinəcək ki...

“Bəradər, sən burdaymışsan”?

Həmin bu ikinci milli “D” əhalinin bütün təbəqələrinə sirayət edib və ondan nə yuxarılar, nə də aşağılar sığortalanıb. Sadəcə yuxarıda oturanların danabaşlığı aşağıda oturdulanların danabaşlığından qat-qat baha və keyfiyyətlidir, qiyməti milyonlarla deyil, milyardlarla ölçülür.

Qulluğunuza ərz edim ki, üçüncü “D”nin adı Dələduzluqdur.

Paho!!! Nə gözəl, nə sevimli məşğuliyyətdir bu! Əsl milli, millidən də milli!

“Bir bəy kimi söz verirəm ki, beş min manatı beş günə gətirəcəyəm”. Rüstəm bəy söz verir və gedir qızı Gülnaz xanımı 50 yaşında qoca baqqala satmağa. Sata bilmək üçün də qızına kələk gəlməyə çalışır və əsl milli dələduzluqla məşğul olur.

Lakin mademuazel Gülnaz xanım da hərif deyil, o, sevgilisi Sərvər ilə elə bir oyun qurur ki, zavallı Məşədi İbad bir ətək pul tökəndən sonra məcbur olub hallıca-dulluca qulluqçu arvadı alır.

Bu, ən məsum, ən saf, tamaşaçıda rəğbət oyadan milli dələduzluqdur.

Mən, milli biznes adlanan dələduzluqdan danışmıram. Bizim məxluqat əlini hansı işə vurursa, dələduzluğa çevrilir.

Neft alveri? Ha-ha-ha! Dövlətin neftini əlaltıların şirkətinə keçi qiymətinə satandan sonra onu dünya bazarında əsl qiymətə xırıd edib fərqı cibə qoymaq milli dələduzluğun ən sevimli növüdür.

Kvadrat metrinin maya dəyəri 250-300 dollardan artıq olmayan mənzilləri 500-1500 dollara satmaq bacarıqlı milli biznes növü sayılır. Əgər bir mənzili üç adama sata bilmisənsə, oğulsan! Sənə ölüm yoxdur!

Bütün böyük həcmli layihələrin – Yevrovijn, Panavropa oyunları, İslamiada, Formula-1 və s. - qiymətini ikiyə vurub yarısını əzəl başdan doğma və müqəddəs ciblərə ötürmək hakimiyyətimizin sevimli məşğələsidir.

Azərbaycan Beynəlxalq Bankın birinci rəhbərinin özbaşına, yuxarıdan icazə verilməmiş dələduzluğunu ifşa edib onu dəyişdilər hakimiyyətin etibarlı və “öz” adamına. Nə oldu? Milli Dələduzluq ənənəsi qırıldımı? Əsla yox. Xeyli vaxt keçəndən sonra qəfildən bilindi ki, bu inanılmış və etibarlı cənab da dələduzluqla milyardları xaricə qaçırıb.
Çarə nəyə qaldı? Biçarəni həbs edib qazamata salmaq, itirilmiş pullara mərsiyə oxuyub Azərbaycanın bir nömrəli Beynəlxalq Bankını Nyu-York məhkəməsinin qərarı ilə müflis elan etmək.

Hər sahədə belədir. “Hər nə gördüm, əyri gördüm, özgə halət görmədim...” Yetimxanaya büdcədən pul ayrılır. Yarısı əzəl başdan gedir doğma cibə. Yetimxana “obyekt”inin sahibi insafı və imkanı daxilində qalan vəsaitdən öz payını götürüb yetimlərə “yetim payı”nı verir.

Oradan da milli televiziya çaparaq gəlib yetimxnada “minnətdarlıq” süjetlərini çəkir və danabaşların məlumatlandırılması ilə məşğul olur.

Ölkədəki bütün seçkilər məharətlə qurulmuş, lakin heç kəsin aldanmadığı dələduzluq tamaşalarıdır. Seçki harada olursa olsun, haraya olursa olsun, yalnız dələduzluqdur! Prezidentliyə, parlamentə, Akademiyaya, hətta ictimai və müxalifət təşkilatlarına. “Bacarana can qurban” meyarı işləyir.

Keçmiş dələduzluq cinayətlərinin üzərində yeni milli dələduzluq nümunələri qurulur və heç kəsin də yadına düşmür ki, təməli əyri qoyulan divar yüksəldikcə, onun aşma ehtimalı artır.

Otuz ilə yaxındır ki, həqir bəndəniz Kefli İskəndərin yolunu tutub deyir:

“AXC-nin təsis konfransında Əbülfəz Əliyev təşkilatın üzvü olmayan dələduzların səsi ilə sədr seçildiyi üçün təşkilat məşum aqibəti yaşadı”.

Kimə deyirsən? Dələduzlar səflərini sıxlaşdırıb məxluqata “millət fədaisi” nağılını danışmaqdan usanmırlar.
Məsələ boyatlaşıb və əhəmiyyətini itirib. Əbülfəzin sədrliyi də, AXC də tarixin əski, mənasız, insanların ibrət götürmədiyi səhifələrində qalıb. Lakin hətta bu əski səhifələrdə belə həqiqətə yer yoxdur. Niyə? Çünki bu həqiqət milli “3D”nin üçüncü, təməl “D”nə ziddir.

Millətin demək olar ki, bütün milli qəhrəmanları beləcə dədləduzluqla ona sırınıb. XX əsrdən əvvəlki tarixi mənbələrə baxın, Babək adlı “görkəmli” qəhrəmanı tapsanız, gəlib mənə bildirin, muştuluq məndən. Babəki milləti Şərqə və islam dünyasına qarşı qoymaq istəyən dinsiz rus bolşevikləri təzkirələrdən tapıb məlum texnologiya əsasında şişirtdilər. Millət də bu dələduzluğu rahat-lukum kimi ötürdü içəriyə.

Bu yaxınlarda göstərdilər, Qərb ölkələrindən birində “3D” printeri ilə bir dənə birmərtəbəli yaşayış evi “çap etdilər”. Mən baxıb həsəd apardım və düşündüm:

“Biz də öz milli “3D” printerimiz ilə min illərdir ki, analoqu olmayan xaraba tikib rüsvayi-cahan oluruq və bunu hətta anlamırıq”.

Anlamırıq və şad və xürrəm zindəganlıq edirik. Hətta həyatımızla, zənginliyimizlə qürrələnirik.

Keçən ay vaxtilə Milli Bayraq Meydanında damba-durumla tikib açdığımız dünyada ən hündür bayraq dirəyini səssizcə söküb yerə qoydular. Niyə? Bünövrəsindən laxlayırmış. Aşmaq ehtimalı biabır olmaq ehtimalını üstələyibmiş.

Niyə? Niyəsini dəxi özünüz deyin. Milli “3D”...

Yazı müəllifin fikirlərini əks etdirir və Meydan TV-nin mövqeyi ilə üst-üstə düşməyə bilər.