Əfqan Muxtarlının həyat yoldaşı Berlinə gedib

Leyla Mustafayeva

Leyla Mustafayeva: “Gürcüstanda özümü təhlükəsiz hiss etmirdim”

Həbsdə olan jurnalist Əfqan Muxtarlının həyat yoldaşı Leyla Mustafayeva 4 yaşlı qızı ilə birgə qızı ilə birlikdə Almaniyanın paytaxtı Berlinə gedib.

Məlumatı Meydan TV-yə Leyla Mustafayeva özü verib.

O, Gürcüstanı özünün təhlükəsiz hiss etməməsi və izlənməsi səbəbi ilə tərk etdiyini deyib.

Məhbus jurnalistin həyat yoldaşı dəfələrlə Gürcüstanın hüquq-mühafizə orqanlarına təhlükəsizliyi ilə bağlı müraciət edib. O, izlənildiyini də bildirmişdi. Xüsusilə də Azərbaycanın daxili işlər naziri Ramil Usubovun Tiflis səfərindən sonra bu izlənmə daha intensiv xarakter almışdı.

Jurnalist Əfqan Muxtarlı bu il mayın 29-u müəmmalı şəkildə həbs edilib. Onun dediyinə görə, Tbilisidə saxlanıb, ona işgəncə verilib, zorla sərhədə gətirilərək Azərbaycan tərəfinə təhvil verilib, həbsinə səbəb olmaq üçün cibinə 10 min avro pul qoyulub.

İttihama görə, o, sərhədi keçərkən Azərbaycan ərazisində saxlanılıb, bu zaman hüquq-mühafizə əməkdaşlarına müqavimət göstərib.

Ə.Muxtarlı hakimiyyət nümayəndəsinə müqavimət göstərməkdə, sərhədi qanunsuz keçməkdə və qaçaqmalçılıqda ittiham olunur. O, son iki ildə Gürcüstanda yaşayırdı. Azərbaycanda təqib olunduğunu bildirən jurnalist bir sıra araşdırma yazılarının müəllifi idi.