''Nardaran işi'': Məhkəmələrdə ''Quran''a and içilsin

Nardaran məhbusları

“Təqsirləndirilənlər günahsız insanlardır, onlara prokuror çox yüksək cəzalar istəyib. Mən onlara azadlıq və toxunulmazlıq arzu edirəm”.

Bu sözləri Nardaran hadisələri ilə bağlı saxlanılan ilahiyyatçı Elxan Həsənovun vəkili Ramiz Məmmədov məhkəmədəki çıxışı zamanı deyib.

Bəraət istəyirik

Oktyabrın 9-da Bakı Ağır Cinayətlər Məhkəməsində Nardaran qəsəbəsində baş vermiş insidentlə bağlı saxlanılan ilahiyyatçı Zülfüqar Mikayılov, Elman Ağayev və digər 10 nəfərin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Meydan TV-nin məlumatına görə, hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərdən Eldar Bünyadov və Elxan Həsənovun vəkilləri çıxış edib. Onlar müdafiə etdikləri şəxslərin günahsız, ittihamların saxta olduğunu deyiblər.

Eldar Bünyadovun vəkili Elxan Şükürov deyib ki, müvəkkili "Müsəlman Birliyi" Hərəkatının üzvü olmayıb:
"Onun evində axtarış aparılıb, kitabça tapılıb. Amma bu kitabçanın kim, harada nəşr edib, məlum deyil. Axtarış zamanı aşkar olunan əşyaların siyahısı protokolda göstərilməyib. Onun haqqında bəraət hökmünün qəbul edilməsini xahiş edirəm".

Hər kəsin Allahı onun vicdanıdır

Elxan Həsənovun vəkili Ramiz Məmmədov isə deyib ki, məhərrəmlik ayıdır, bu ayda heç kimə pislik etmək olmaz:

“Mən dindar deyiləm, amma müdafiə etdiyim şəxsə daha yaxın olmaq istəyirəm. 90-cı illərin əvvəllində icra orqanının başçısı “Quran”a and içirdi. Amma məhkəmədə o nədənsə tətbiq olunmur. Məncə, o olsa, yalan ifadələr azalacaq. Cinayət Prossesual Məcəlləsinin 145-ci maddəsinə əsasən təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Biz müsəlman cəmiyyətində yaşayırıq. Hər kəsin allahı onun vicdanıdır. Hər şeyə qiymət verilir, amma vicdan məsələsinə qiymət verilməyib. İstəyirik ki, vicdansız qərar qəbul olunmasın”.


Axtarış haqqında məhkəmə qərarı yoxdur

Vəkil daha sonra deyib:


“Rəhmətlik Lütvi Zadə deyirdi: "Əgər insanın əlində çəkiç varsa, o, hər şeyi mismar görür".

Zevsdən soruşurlar ki, yoldaşın, ya qızın gözəldi? Deyir "bu suala cavab verə bilmərəm. Bunun üçün 4 məhkəmə lazımdır.

Elxan Həsənovun şəxsiyyətinə gəldikdə isə, bu insan Lənkəranda anadan olub, əvvəllər məhkum olunmayıb, yoldaşı ağır şəhər xəstəsidir, özü taekvando üzrə idmançıdır.

Onun azadlıq və toxunulmazlıq hüququ pozulub. O, 11 dekabr 2015-ci ildə həbs olunub, 8 avqust 2016-cı ildə barəsində həbs- qətimkan tədbirinin müddəti uzadılıb. Avropa Məhkəməsinin qərarlarında qeyd edilir ki, tutulma şübhələrin əsası olmalıdır. Xüsusi səyləri isə əsaslandırmaq lazımdır. Elxan Həsənova 10 maddə ilə ittiham elan olunub. 24 noyabr 2015-ci ildə Kərbalaya gedib. Qayıdanda Lənkəranda həbs edilib. Tutulma protokolu tərtib edilməyib.

Axtarış haqqında da məhkəmə qərarı mövcud olmayıb. Elxan Həsənov haqqında işdə heç bir sübut və ya məlumat mövcud deyildir. Axtarış aparılmasında Səbuhi İsmayılov adlı şəxs iştirak edib. Lakin onun imzası heç yerdə yoxdur. O, istintaq qrupunun üzvü olmayıb. Tapılmış qumbaranın markası qeyd edilməyib, evdən götürülən əşyaların siyahısı protokolda göstərilməyib”.

Protokolda əməliyyatçının imzası yoxdur

Ramiz Məmmədov deyib ki, Xətəm Əliyev adlı əməliyyatçının protokolda imzası yoxdur. Protokol 6 nəfər tərəfindən imzalanıb, amma protokolda 8 nəfərin adı göstərilib:
“Şahid Rövşən Camalov Xətəm Əliyevin ifadəsindən 5 ay sonra ifadə verir, onun ifadəsində sözlər də eynidir. 5 ay sonra insan necə sözbəsöz ifadə verə bilər? Bu ifadələrin hüquqi əhəmiyyəti yoxdur. Dinşünaslıq ekspertiza da heç bir nəticə verməyib".

Proses oktyabrın 16-da davam edəcək.

Ötən prosesdə prokuror Zülfüqar Mikayılovun 18 il, Faiq Allahverdiyevin 15 il, Əli Hüseynovun 14 il, Mehman Quliyevin 15 il, Mehman Məmmədovun 14 il, Eldar Bünyatovun 14 il, Elman Ağayevin 15 il, Elxan Həsənovun 14 il, Ramil Seyfullayevin 15 il, Mübariz İbrahimovun 15 il, Ruzi İsmayılov və Cabir Əliyevin hər birinin 16 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

2015-ci il noyabrın 26-da Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları Nardaran qəsəbəsində keçirdiyi əməliyyat nəticəsində “Müsəlman Birliyi” Hərəkatının rəhbəri Taleh Bağırzadə və digərləri saxlanılıb.

Əməliyyat zamanı 2 polis əməkdaşı, 4 qəsəbə sakini həlak olub.

Təqsirləndirilən şəxslər bir sıra ağır cinayətlərdə ittiham edilirlər. Lakin onlar ittihamı qəbul etmirlər. T.Bağırzadə bir neçə dəfə həbs edilib. O, hakimiyyəti sərt tənqid etməsi ilə tanınıb. Son həbsini də bununla əlaqələndirən T.Bağırzadə 20 il müddətinə azadlıqdan məhrum edilib.