Müsavat Partiyası yürüş keçirmək qərarı verdi

foto bastainfo.com
foto bastainfo.com.

''Ölkədə sərbəst toplaşmaq azadlığı olması haqda real vəziyyəti yerli və xarici ictimaiyyətə göstərmək istəyirik''

Müsavat Partiyası oktyabrın 21-də mitinq-yürüş keçirməklə bağlı Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edib.

Məlumatı Meydan TV-yə partiya başqanının müavini Elman Fəttah verib.

O, mitinq-yürüş keçirmək zərurətinin sərbəst toplaşmaq azadlığının kütləvi surətdə pozulması ilə əlaqaləndirib:

"Ölkə başçısı ikinci dəfədir beynəlxalq təşkilatların rəsmiləri ilə görüşdə Azərbaycanda aksiyaların keçirilməsinə heç bir məhdudiyyətin qoyulmadığını səsləndirir. İlham Əliyevin iddiaları doğrudursa, o zaman qapalı yerlərdə və insanları yoxlayaraq həmin məkanlara buraxmaqla yox, yürüşlərə şərait yaradılsın. Adından göründüyü kimi sərbəst toplaşmaq azadlığı sərbəst şəkildə toplaşmağı özündə ehtiva edir. Bunun müxtəlif növləri var, piket, aksiya, yürüş. İkinci, sərbəst toplaşmaq azadlığı məkanla da məhdudlaşdırıla bilməz, qanun belə tələb edir. İcra hakimiyyətin müraciətimizə cavabı hakimiyyətin sərbəst toplaşmaq azadlığına münasibətinin hansı həddə olduğunu aydınlaşdıracaq".

E.Fəttah deyir ki, müraciətlərində iki yeri göstəriblər:

""Azadlıq" metrosundan Süleyman Sani Axundov istiqamətindən "Dərnəgül" metrosuna və orda qətnamənin oxunması. İkinci marşrut-  keçmiş Əzizbəyov heykəlindən Hüseyn Cavid prospektilə hərəkət edərək, Elmlər Akademiyası bağında qətnaməni oxumaq istəyirik. Hər iki marşrut mitinq-yürüşlə bağlı önəmlidir, əvvəllər də bu ərazilərdə aksiyalar keçirilib. Ancaq 10 ildir bu məkanlarda mitinq-yürüş keçirməyə icazə verilmir. Xüsusən də ikinci marşrut ildə bir neçə dəfə qapanır, ona görə hökumət nələrisə bəhanə edib qadağa qoya bilməz. Biz ölkədə sərbəst toplaşmaq azadlığı olması haqda real vəziyyəti yerli və xarici ictimaiyyətə göstərmək istəyirik".