Bakıda isti rekord həddə

Bakı

Bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, yağış yağacağı ehtimalı var

Avqustun 9-da Bakıda 43 dərəcə isti olub. Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti bildirib.
Halbuki, bir gün öncəki proqnozda nazirlik həmin gün 41 dərəcə isti olacağını proqnozlaşdırmışdı:

“Avqustun 9-da Abşeron yarımadasında 40-41, Bakıda isə 43 dərəcə isti olub. Bu da 2015-ci il avqustun 2-də müşahidə olunmuş 41 dərəcə rekord göstəricisinin təzələnməsinə səbəb olub”, - deyə nazirliyin açıqlamasında vurğulanır.

Avqustun 11-i isə Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu, əsasən yağmursuz olacağı bildirilir.

Yarımadada gecə 22-25, gündüz 30-35, Bakıda gecə 23-25, gündüz 32-34 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında da havanın, əsasən, yağmursuz keçəcəyi bildirilir. Ancaq gecə və səhər bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, yağış yağacağı ehtimal edilir. Gecə 20-25, gündüz 33-37, dağlarda gecə 15-20, gündüz 25-30 dərəcə isti təxmin edilir.