''Böyük oyun'' və ya mühacirətə aparan yol

Hazırda Avropada yaşayan azərbaycanlı jurnalist Laçın Məmişov “Mühacirlər” layihəsi çərçivəsində yeni film çəkib. Film “Böyük oyun” adlanır.

Bu barədə Meydan TV-yə Laçın Məmişovun özü məlumat verib.

Layihə müəllifi deyib ki, ilk filmi 2014-cü ildə, uzun illərdir mühacirətdə yaşamaq məcburiyyətində olan AXCP üzvlərindən biri haqqında çəkilib. İkinci film isə Almaniyanın Frankfurt şəhərində yaşayan, Kəlbəcər özünü müdafiə batalyonunun yaradıcısı və sonradan həmin rayonun icra başçısı olmuş İlham Həsənin keçdiyi döyüş və mübarizə yolu haqqındadır.

“Bu filmə başlayanda ümumilikdə xronometrajını 30 dəqiqə nəzərdə tutmuşdum. Lakin filmin qəhrəmanı, Almaniyada siyasi mühacir həyatı yaşayan İlham Həsənlə Frankfurtda görüşüb çəkilişləri başlayanda, anladım ki, nə boyda çətin və ağır bir yükün altına girmişəm. Həmin dövrlə bağlı bütün tarixi faktları, video xronikaları izlədikcə, ortaya çox ziddiyyətli məqamlar çıxırdı. Çünki 1990-95-ci illər ən yeni tariximizin mübahisəli bir dövrüdür. Bu haqda əsl həqiqəti bilənlərin əksəriyyəti demək olar ki, susmağa üstünlük verirlər, həmin hadisələr haqqında danışmırlar. Bu susqunluqlarının iki səbəbi ola bilər. Birincisi qorxurlar, ikincisi isə həmin ərəfədə baş verən cinayətlərin ortaqları olma ehtimalı var. Bu filmdə qaranlıq məqamlara müəyyən qədər işıq salmağa çalışdım, bunun üçün çox zaman və zəhmət tələb olundu. Ümid edirəm ki, buna dəyərdi və film Azərbaycanın ən yeni tarixinin video salnaməsinə bir tövhə olacaq. Bugünkü tarixi də daha düzgün başa düşmək üçün yaxın keçmişimizə nəzər salmaq, düzgün analiz etməyi bacarmaq lazımdı. Mən də bu işdə xalqımıza yardımçı olmağa çalışmışam. Filmə qiyməti qoy tamaşaçılar versin. Olduqca ziddiyyətli məqamlardan bəhs edən filmi bu səbəbdən də “Böyük oyun” adlandırmaq qərarına gəldim”.

Laçın Məmişovun sözlərinə görə, özü də 3 ilə yaxındır ki, siyasi mühacir həyatı yaşamaq məcburiyyətindədir. Hal-hazırda İsveçrənin Bern şəhərində yaşayır.

Avqustun 12-də Almaniyanın Köln şəhərində (Ünvan: Clevischer Ring 113, 51063 Köln, Deutschland) “Marka Film Production” istehsalı olan filmin təqdimat mərasimi keçiriləcək.