''Qiyas və Bayrama yazılan dəstək məktubları onlara verilmir''

Qiyas İbrahimov və Bayram Məmmədov

Vəkil: ''Səbəb gəncləri beynəlxalq dəstəkdən xəbərsiz qoymaqdır''

“Xarici ölkələrdən, xüsusilə Amerika Birləşmiş Ştatlarından və Avropadan Qiyas İbrahimov və Bayram Məmmədova xeyli məktublar gəlir. Lakin həmin məktublar qanunsuz olaraq Qiyas və Bayrama verilmir”, - vəkil Elçin Sadıqov belə deyib. 

Vəkil bildirir ki, buna səbəb gəncləri beynəlxalq dəstəkdən xəbərsiz qoymaqdır: 

“İstəyirlər Qiyas və Bayram beynəlxalq təşkilatların onlar haqqında düşünmədiyini zənn etsinlər. Amma mən hər görüşümüzdə onlara olan beynəlxalq və yerli dəstəkdən danışıram. Haradan məktub gəldiyini onlara deyirəm”.

Bundan əlavə, Elçin Sadıqov deyir ki, beynəlxalq təşkilatlardan, xarici ölkələrin vətəndaşlarından Prezident Adminstrasiyasına və Ali Məhkəməyə Qiyas İbrahimovun, Bayram Məmmədovun azad olunması üçün müraciətlər olunur: 

“Məhkəmələr bütün bu müraciətləri yalnız cinayət işinə əlavə etməklə kifayətlənir. Qiyas və Bayramın özünə dəstək üçün və ya dövlət orqanlarına onların azad edilməsi üçün müraciət edən hər bir beynəlxalq təşkilatlara və şəxslərə öz dərin təşəkkürümüzü bildiririk”.

Sonda Qiyas İbrahimov və Bayram Məmmədovun azadlığını istəyən hər kəsdən onlara dəstək məktubu yazmalarını xahiş edib. 

Qiyas İbrahimov və Bayram Məmmədov da narkotik ittihamı ilə tutulub. 2016-cı il mayın 10-da saxlanan bu iki gəncə 10 il həbs cəzası verilib. Hüquq-müdafiə təşkilatları gənclərin, əslində, keçmiş prezident Heydər Əliyevin abidəsinə “Qul bayramınız mübarək!” şüarı yazıldığına görə həbs edildiyini bəyan ediblər.