Vəkil: Cahangir Hacıyevin qohumlarına təzyiq edilir

Cahangir Hacıyev foto sosial şəbəkə
Cahangir Hacıyev foto sosial şəbəkə.

Beynəlxalq Bankın keçmiş sədrinin apelyasiya şikayətinə baxılır

Bakı Apelyasiya Məhkəməsində “Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sabiq sədri Cahangir Hacıyev və digərlərinin şikayəti üzrə məhkəmə prosesi keçirilib.

Meydan TV-nin məlumatına görə, hakim Əflatun Qasımovun sədrliyi ilə keçirilən prosesdə Cahangir Hacıyevin vəkilləri Fəxrəddin Mehdiyev və Aqil Layıcov çıxış ediblər.

F.Mehdiyev bildirib ki, C.Hacıyev barəsindəki hökm tamamilə qanunsuz və əsassızdır, müdafiə etdiyi şəxsin əməlində cinayət tərkibi yoxdur: "Bu iş üzrə Cinayət Məcəlləsinin 179-.3.2-ci (külli miqdarda vəsaitin mütəşəkkl dəstə tərəfindən mənimsənilməsi)” maddəsi ilə ittiham verilib. Halbuki məsələ kreditlərlərlə bağlıdır və sırf mülki məsələdir. Buna görə də cinayət qanunvericiliyi müstəvisində bu işə baxılması yolverilməzdir. Amma təəssüf ki, bununla bağlı ibtidai istintaqda, həmçinin Bakı Ağır Cinayətlər Məhkəməsində işə baxılarkən verdiyimiz vəsatətlər təmin edilmədi. Cahangir Hacıyev özü də bildirir ki, bu ittihamlar ona siyasi sifarişlə verilib. C.Hacıyev BMCMİ tərəfindən saxlanılan zaman bildirib ki, bu, mülki məsələdir, bank-kredit münasibətlərinə hüquq-mühafizə orqanlarının bu şəkildə müdaxiləsi yolverilməzdir. Ancaq buna baxmayaraq, onu 38 gün həmin idarədə saxlayıblar. C.Hacıyev deyib ki, gəlin mən sizə kömək edim məsələni araşdıraq, istintaq isə araşdırma üçün lazımi sənədləri əldə etməkdən imtina edib. Məhkəmə istintaqı dövründə də işin obyektiv araşdırılması üçün zəruri sənədlərin əldə edilməsindən imtina edilib. Bununla bağlı vəsatətlərimiz rədd olunub. Davam edən bu qərəzin nəticəsində C.Hacıyev və digərləri həbs edildi. Ondan sonra Beynəlxalq Banka təyin olunan rəhbər şəxs isə “qara bazar” yaratdığına görə vəzifəsindən azad edildi və bildiyimə görə, hazırda istintaq gedir. Halbuki C.Hacıyevin dövründə illər üzrə gəlir dinamikası daim artan xətlə müsbətə doğru olub. Onun həbsindən sonra isə bank zərərlə işləməyə başlayıb. Zərərdən əlavə, bankın sağlamlaşdırılması üçün 12 milyard manat ayrılıb ki, o məbləğ də ortada yoxdur. Hazırda isə Beynəlxalq Bank iflas mərhələsindədir”.

F.Mehdiyevin sözlərinə görə, C.Hacıyevin ailə üzvlərinə və yaxınlarına qarşı da təzyiqlır olur, onların ölkədən çıxışına qadağalar qoyulub, işləyən qohumları vəzifələrini itiriblər.

Vəkil Aqil Layıcov vurğulayıb ki, Cahangir Hacıyevin işi ilə bağlı 4 məsələ üzrə artıq Avropa Məhkəməsinə müraciət edilib.
Cahangir Hacıyevə çıxış etmək təkil edilsə də, o, vaxt istəyib.

Proses may 25-də davam edəcək.

“Azərbaycan Beynəlxalq Bankı” ASC-nin İdarə Heyətinin sabiq sədri C.Hacıyev, Mərkəzi filialın direktorları işləmiş Yusif Ələkbərov və Anar Sultanov, Mərkəzi filialın müdiri işləmiş İlqar Abdullayev, bankın inzibati binalarının mühafizəsini həyata keçirən “İnter Security” MMC-nin baş direktoru İbrahim Hüseynov, bankın Nəqliyyat filialının direktoru işləmiş Kənan Orucov, bankın Nərimanov filialının direktoru işləmiş, hazırda "AFB Bank" ASC-nin Müşahidə Şurasının sədri olan Məmməd Cahangirov mənimsəmə, vəzifə səlahiyyətlərindən sui-istifadə, vəzifə səlahiyyətlərini aşma və digər əməllərdə ittiham ediliblər. Bakı Fındıq Zavodunun direktoru işləmiş Azad Cavadova qarşı əlavə olaraq qanunsiz silah saxlama maddəsi ilə də ittiham verilib.

C. Hacıyev 15 il, Azad Cavadov 10 il 11 ay, Yusif Ələkbərov 7 il 6 ay, İbrahim Hüseynov 6 il 5 ay müddətinə azadlıqdan məhrum ediliblər.

Anar Sultanov, Kənan Orucov, İlqar Abdullayev və Məmməd Cahangirov 3 il şərti azadlıqdan məhrumetmə cəzasına məhkum ediliblər.

Apelyasiya şikayətini azadlıqdan məhrum edilən şəxslərlə yanaşı şərti cəza almış Məmməd Cahangirov verib. Apelyasiya şikayətlərində barələrində bəraət hökmünün çıxarılmasını istəyiblər.