Azərbaycanda yayımlanan xarici telekanallarda reklamlar qadağan olunur

“Bəzi kabel şəbəkəsi yayımçıları qanunda olan bu müddəaya etiraz ediblər”

“Xarici ölkələrin teleradio yayımçısı Azərbaycanda fəaliyyət göstərən yayımçının proqram paketində yayımlanmaq üçün müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumdan icazə almalıdır. Kabel şəbəkəsi yayımçıları bildirirlər ki, həmin reklamları çıxarmaq mümkün deyil, yəni buna texniki imkanları yoxdur”.

Bunu mayın 18-də Milli Məclisin Mədəniyyət komitəsinin iclasında “Kabel şəbəkəsi yayımı haqqında” qanun layihəsi ikinci oxunuşda müzakirəsi zamanı komitə sədri Rafael Hüseynov bildirib. O deyib ki, bəzi kabel şəbəkəsi yayımçıları qanunda olan bu müddəaya etiraz ediblər:

“Amma maddəyə dəyişiklik etmək olmaz, çünki bu, qanunun mahiyyətini ortaya qoyur. Kabel şəbəkəsi yayımçıları bunu nəzərə almalıdırlar. Bu,həm milli adət-ənənələrə zidd reklamların qarşısını almağa, həm də Azərbaycanın yerli reklam bazarının dirçəldilməsinə xidmət edir. Qanun layihəsi ilə bağlı prezidentin köməkçisi Əli Həsənovla da müzakirələr aparılıb. Hesab edirəm ki, bəzi texniki dəyişikliklər istisna olmaqla, layihə mükəmməl hazırlanıb”.

Layihə ikinci oxunuşda plenar iclasa tövsiyə olunub.

Sözügedən müddəa “Kabel şəbəkəsi yayımı haqqında” qanun layihəsinin 13-cü (Yayımçının hüquq və vəzifələri) maddəsində əks olunub. Maddəyə görə, kabel şəbəkəsi yayımında retranslyasiya olunan telekanallarda xarici reklamların yayımı qadağandır. Retranslyasiya olunan telekanallarda xarici reklamların yayımlanmasına görə yayımçı məsuliyyət daşıyır. Maddədə o da təsbit olunub ki, kabel şəbəkəsi yayımında retranslyasiya olunan xarici telekanallarda reklam vaxtlarında yayım qaydaları müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum tərəfindən müəyyən olunur.

Qanun layihəsi parlamentin mayın 16-da keçirilən plenar iclasında birinci oxunuşda qəbul edilib.