Roger Wicker Fotoqraf: Manuel Balce Ceneta

ABŞ Azərbaycanda saytların bloklanmasından narahatdır

''Biz hakimiyyətlə söhbət edəcəyik''

ABŞ-ın Helsinki Komissiyasının rəhbəri Roger Vicker Azərbaycanda bir neçə müstəqil saytın bloklanmasından narahat olduğunu deyib. 

“Turan” yazır ki, senator məhkəmənin bu yaxınlardakı qərarını şərh edib: 

“Bu, ciddi narahatlıq doğurur və biz hakimiyyətlə söhbət edəcəyik”.

Agentliyinin xəbərinə görə, oxşar narahatlığı Dövlət Departamentinin yüksəkvəzifəli nümayəndələrindən biri də bildirib.

“Biz dost hesab etdiyimiz ölkələrdə mətbuat azadlığının vəziyyətinin daim pisləşməsindən narahatıq. Araşdırma jurnalistikasının və azad medianın rolunu, önəmini yaxşı başa düşürük”, - deyə agentliyə adının çəkilməsini istəməyən nümayəndə vurğulayıb.

Mayın 12-si Səbail rayon Məhkəməsinin qərarı ilə Azərbaycanda fəaliyyət göstərən bir neçə müstəqil sayt bloklanıb.

Söhbət MeydanTV-nin, AzadlıqRadiosunun, “Azadlıq” qəzetinin, TuranTV-nin və “Azərbaycan saatı” televiziya proqramının saytlarından gedir.

Məhkəmə qərarı Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin iddiası əsasında verilib. Nazirliyin iddia tələbi qismən təmin olunub. İddia ərizəsində adları çəkilənlərlə yanaşı, bu informasiya resurslarına girişi mümkün edən başqa saytların da bloklanması istənilirdi.

Nazirlik iddiasının Baş Prokurorluğun müraciətinə söykəndiyini bildirib. Müraciətdə sözügedən saytlarda dövlətin maraqlarına ziyan vuran bir sıra yazıların yayıldığı iddia edilib. Ancaq müdafiə tərəfi məhkəmə prosesində iddiaların əsassız olduğunu bəyan edib.