Dollarla əməliyyatların həcmi 33,5 faiz azalıb

foto google.az

Rüb ərzində dolların manata olan orta günlük məzənnəsi açıqlanıb

Manatın rüb ərzindəki məzənnəsi banklararası əqdlər üzrə orta qiymət əsasında müəyyən edilib. 

APA yazır ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) 2017-ci ilin yanvar-mart ayları üzrə Pul siyasəti icmalında deyilir.

Sənəddə qeyd olunub ki, valyuta bazarında tələb-təklif nisbətindən asılı olaraq 2017-ci ilin I rübündə manatın məzənnəsinin dinamikasında bir neçə dəfə qalxıb-enmə müşahidə edilib.

“Yanvar və fevralın birinci yarısında bahalaşan ABŞ dolları fevralın ikinci yarısından nisbətən ucuzlaşmağa başlayıb. 2016-cı ilin sonuna ABŞ dollarının manata qarşı məzənnəsi 1,7707 manat səviyyəsində olubsa, 01.02.17 tarixində özünün dövr üzrə maksimum həddinə - 1,9200 manata qalxıb, 27.03.17 tarixində isə minimum həddinə - 1,7200 manata enib. 2017-ci ilin I rübünün sonuna manata nəzərən ABŞ dolları 2,6 faiz ucuzlaşıb. Rüb ərzində 1 ABŞ dollarının manata qarşı orta günlük məzənnəsi isə 1,7848 manat təşkil edib”, - deyə Pul Siyasəti İcmalında qeyd olunub.   

Sənəddə o da bildirilib ki, rüb ərzində ikitərəfli məzənnələrin dinamikası çoxtərəfli məzənnənin dinamikasına da təsir göstərib. Belə ki, manatın qeyri-neft sektoru üzrə ümumi ticarət çəkili real effektiv məzənnəsi 3,6 faiz bahalaşıb: “NEM-nin 0,4 faiz ucuzlaşması REM-ə azaldıcı, tərəfdaş ölkələrlə inflyasiya fərqləri isə artırıcı təsir edib”.

2017-ci ilin I rübü ərzində valyuta bazarının ümumi həcmi də ötən ilin müvafiq dövrü ilə müqayisədə azalıb.

Hesabat dövründə ötən ilin I rübü ilə müqayisədə ABŞ dolları ilə valyuta əməliyyatlarının həcmi 33,5 faiz azalıb, avro ilə əməliyyatların həcmi isə 5,7 faiz artıb.

Rüb ərzində valyuta bazarında əməliyyatların 82,2%-i ABŞ dollarında, 17,8 %-i digər valyutalarda aparılıb. Valyuta əməliyyatlarının 28,1% hissəsi banklararası valyuta bazarında (BVB), 71,9%-i isə bankdaxili valyuta bazarında (BDVB) reallaşdırılıb. ABŞ dolları ilə BVB-də aparılmış əməliyyatların 51,7%-i bankların valyuta mövqeyinin tənzimlənməsi ilə əlaqədar olub. BDVB-də isə valyuta əməliyyatlarının 95%-i hüquqi şəxslərə valyuta satışı təşkil edib.

Valyuta bazarının həcminin azalması nağd xarici valyuta bazarı seqmentində də müşahidə edilib. Banklar tərəfindən ötən ilin I rübü ilə (147 mln.$) müqayisədə nağd valyutanın xalis satışı (cari ilin I rübündə 77 mln. $) 2 dəfə azalıb.