Xəyanətdə suçlandırılan şəxsin məzarlıqda dəfninə icazə verilməyib

Arxiv foto

Vəkil: “Məhkəmə qərarı olmadan heç kimi cinayətkar adlandırmaq və ya vətənə xəyanətdə ittiham etmək olmaz”

Vətənə xəyanətdə günahlandırılan Tərtər rayon sakini Mehman Telman oğlu Hüseynovun cəsədinin kənd qəbiristanlığında basdırılmasına icazə verilməyib.

Bu barədə “Modern.az”-a Tərtərin Cəmilli kənd inzibati ərazisi üzrə nümayəndəsi Manaf Məmmədov məlumat verib. Onun sözlərinə görə, M.Hüseynov Cəmillidə yaşasa da, əslən Ağkənd qeydiyyatında olub:

"Mehmanın anası Ağkənddə yaşayır. Atası 1980-cı illərdə vəfat edib. Həmin vaxt Mehman anası ilə birlikdə Ağkəndə gedib. Mehman Hüseynovun xanımı əslən Cəmillidəndir. Mehmanın atası Cəmilli qəbiristanlığında dəfn olunduğuna görə, yaxınları onu Cəmillidə dəfn etmək istədilər. Amma kənd sakinləri Mehmanın Cəmilli qəbiristanlığında dəfn olunmasına icazə vermirdilər. Ona görə də qəbiristanlığın çöl tərəfində, "setka”nın o biri üzündə basdırılıb”.

Kənd rəsmisi sakinlərin Mehmanın qəbiristanlıqda dəfn olunmasına qarşı çıxmasını onun vətənə xəyanətilə əlaqələndirib:

"Bizim kəndin camaatı xəyanətkarın bu torpaqda dəfn olunmasına icazə vermirdi. Sakinlər dedilər ki, "bizim müqəddəs yerimizdə o cür satqının dəfn olunmasını istəmirik”. Uzun çək-çevirdən sonra Mehmanı qəbiristanlığın çöl tərəfində basdırılmasına icazə verdilər”.

M.Məmmədov adı xəyanətdə hallandırılan digər şəxslər barədə məlumat verməyib.

Ancaq adının açıqlanmasını istəməyən Cəmilli kənd sakini Meydan TV-yə daha bir həmyerliləri Səxavət Binnətovun da meyitinin gətirildiyini deyir. İcra nümayəndəsi bu haqda hər hansı məlumat verə bilməyəcəyini bildirib.

Hər iki şəxsin mülki vətəndaş olduğu deyilir.

Dəmirçi kənd inzibati ərazisi üzrə nümayəndəsi Zəqəm Ağayev isə deyib ki, Mehman Hüseynovun 34 yaşı var idi. Hazırda onun həyat yoldaşı iki azyaşlı oğlu ilə birlikdə Cəmillidə yaşayır.

Baş Prokurorluq, Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidmətinin birgə bəyanatında bildirilir ki, bir qrup hərbi qulluqçu və mülki şəxs Azərbaycan Respublikasının suverenliyi, ərazi toxunulmazlığı, dövlət təhlükəsizliyi və müdafiə qabiliyyəti zərərinə olaraq düşmən kəşfiyyatçıları ilə məxfi əməkdaşlığa cəlb edilib. Onlar müxtəlif vaxtlarda maddi maraqları naminə hərbi sirr təşkil edən məlumatları əldə etməklə düşmən tərəfinə ötürüblər.

Toplanmış materiallar əsasında dövlətə xəyanət və digər faktlar üzrə 2017-ci il 3 may tarixində Azərbaycan Respublikası Hərbi Prokurorluğunda Cinayət Məcəlləsinin 274-cü maddəsi ilə cinayət işi başlanaraq, Azərbaycan Respublikası Prokurorluğu, Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşlarından ibarət birgə istintaq-əməliyyat qrupu yaradılıb və ibtidai istintaq aparılır.

Bəs məhkəmə hökmü olmadan adama “xəyanətkar” damğası vurub, dəfninə izin verməmək doğrudurmu?

Üzeyir Cəfərov
Üzeyir Cəfərov.

Hərbi ekspert Üzeyir Cəfərov deyir ki, cinayət əməli sübuta yetirilmədən insana xəyanətkar demək düzgün deyil:

“Ən azından istintaq gedir, hələ bilmək olmaz Mehman Hüseynov həqiqətən də günahkardır, ya yox. Dövlət Təhlükəsizlik Xidməti, Baş Prokurorluq və digər güc strukturları bu məsələnin qarşısını almalıdırlar, çünki bu cəmiyyətdə yaxşı olmayan bir ovqat yarada bilər. O ki qaldı Tərtər sakinlərinə, onlara ölmüş insanı xəyanətkar adlandırmaq ixtiyarını kim verib? Ona qalsa, beş nəfər yığılıb deyəcək ki Əli, Vəli, Həsən vətən xainidir və onun haqqında 5 dəqiqəyə fikir formalaşdıracaqlar. Bu, doğru deyil”.

Üzeyir Cəfərov deyir ki, insanın ölümü bu və ya digər səbəblə bağlı ola bilər. Hər şey öz adı ilə çağırılmalıdır:

“Bu, hərbi xidmətlə bağlıdırsa, hərbi xidmətin adı ilə deyilməlidir. Yox, əgər başqa məsələlər varsa, hesab edirəm ki, elə təqdim olunmalıdır ki, nə ölənin ruhu təhqir olunsun, nə onun doğmalarının adına xələl gəlsin. Mətbuatın da məsələni bu formada təqdim etməsi doğru deyil”.

Fariz Namazlı
Fariz Namazlı.

Hüquqşünas Fariz Namazlı isə deyir ki, kənd sakinləri, media qurumu kimisə cinayətkar adlandırsa, onlara qarşı şərəf və ləyaqətin ləkələnməsi ilə bağlı iddia qaldırmaq olar:

“Doğru yanaşma deyil. Amma burada Təqsirsizlik Prezumpsiyası prisipi işə düşmür, çünki o, yalnız dövlət məmurlarına, vəzifəli şəxslərə aiddir. Bu yanaşma sırf şərəf və ləyaqətin ləkələnməsi baxımından doğru deyil. Məhkəmə qərarı olmadan heç kimi cinayətkar adlandırmaq və ya vətənə xəyanətdə ittiham etmək olmaz”.