Nazlı Ağayeva
Nazlı Ağayeva

Mənim firma qızım, uyan kəndçim və ''oxumuş'' oxumayanlar...

Günlərin bir günü bir qız ev telefonumuza zəng vurur:

– Salam, hər vaxtınız xeyir.

Ölkədə ev telefonlarının sükutu adətən reklam firmaları tərəfindən pozulduğundan belə nəzakətli salamların ardınca nə gələcəyini təxminən bilirik:

– Anan evdədir? Böyüklərdən kim var?

Səsimi mümkün qədər böyüdüb izah edirəm ki, uşaq deyiləm və bu yaşımda gül kimi problemlərim qala-qala hansısa firmanın sehirli boşqab təklifinə uyacaq halım yoxdur. Yəni, yanlış ünvana düşüb, müştərini başqa yerdə axtarsın. Onda müsahibim tipik üsulla mənə girişir:

– Belə savadlı danışmasaydınız, uşaq olmadığınıza inanmazdım. Ayy xanım, sizin nə şirin, körpə, səsiniz var. Ata canı, mən sizə dünyasında on səkkizdən artıq verməzdim.

Məlum, adam çörəyə çıxıb, ona görə qısa kəsdim:

– Boşuna zəhmət çəkmə, bala, səndən əvvəlki on altı verirdi, yenə bir şey çıxmadı.

Dəstəyi qoyanda o tərəfdəki necə şaqqanaq çəkdisə, mən də həvəslənib gülmək istədim. Sonra o qızın hansı şərtlərlə o işə götürüldüyünü, hansı şəraitdə belə primitiv, üzücü reklamlarla adamları aldatmağa çalışdığını xatırlayıb ürəyim sıxıldı. Ən əsası da içindəki yumor hissini hələ qoruyub saxladığına, sözdən anladığına kövrəldim. İnşallah, elə ürəkdolusu gülən o qızın həyatında sıxıntı və kövrəklik azdır. Bir də ki, niyə hər şeydə mütləq nəsə kədər motivi axtarıram? Firma fırıldaqlarına alət olmağa məhkum o qız sözdən anlayırsa, demək ki, hələ nəsə deməyə dəyər. Və bəlkə sevinməyə də.

***

Biz uşaq olanda kəndimizə kino gətirirdilər. Kinoçu Mahmud dayıdan hamı soruşardı ki, kino ağlamalıdı, yoxsa gülməli? Mahmud dayı kinonun sirrini açmaq istəmədiyindən araya söz qatıb hərəni bir cür yola verərdi. Bir gün Mahmud dayı hər dəfə gəlib sakitcə oturaraq divardakı ekrana zillənən birini göstərib deyir ki, ay camaat, sual verməkdənsə, o filankəs kimi diqqətlə kinonu izləyin də. Yoxsa baş qoymursuz məndə, işimi görə bilmirəm. Adamlar heç nə deməyib gülüşəndə Mahmud dayı şübhələnir. Kinonun şirin yerində kənd uşaqlarından öyrənir ki, o nümunəvi isləyici axşamlar “hallı” olduğundan üzükinoya oturub “uyurmuş”.

Bir-birinə dəxli olmayan iki əhvalatın mövzuya nə dəxli var? Ölkənin indiki durumunda özünə mövzunu oxumaq “əziyyəti” verib ondan nəsə götürən neçə adam qalıb ki? Qalıb nəyə yarayacaqlar ki?

Ötən həftə hüquqşünas Aslan İsmayılov özünün “Facebook” səhifəsində publisist politoloq Zərdüşt Əlizadənin “Dünyanın analoqsuz xuliqanları” yazısını paylaşıb. Müəllif “Meydan.TV”-də gedən köşəsində Aslan müəllimin zora, ədalətsizliyə yönələn cəsarətli vətəndaş və peşəkar mövqeyini alqışlayaraq onunla fəxr etdiyini bildirib. Həm də Aslan müəllimin “ağır çəkili” opponentlərini sözün əsil mənasında şil-küt edərək. Maraqla oxuduğum Zərdüşt Əlizadənin geniş yazısından özümə lazım olan hissəni götürürəm. Çünki sözümün canı məhz bu hissədədir. Aslan müəllim də dostları, tərəfdarları üçün əsasən yazıdakı o yerin təəssüratını paylaşmaq istəyib.

Yeri gəlmişkən, Aslan İsmayılova rəğbətim “onkoloji soyqırım” qurbanlarına verdiyi əvəzsiz və təmənnasız dəstəkdən sonra artıb. Mənkəmələrinin hansındasa proses aparan bir komplekt manqurt hakimi izləyəndən sonra isə onunla qürur duymağa başladım. Bu, öz yerində.

Yerində olmayan nədir? Ölkədə savadsızlıq, kitabsızlıq o səviyyəyə çatıb ki, insanlar ya oxuduqlarını anlamırlar və yaxud heç oxumurlar. Şablon fikirlər, münasibətlər varkən beyin işlətmək nəyə gərəkdir? Necə ki, sözügedən paylaşımda Zərdüşt Əlizadə Aslan müəllimə “xuliqan” demək ittihamı ilə “topa tutulur”. Vəziyyətdən və yazıdan xəbərdar biri olaraq çaşıb qaldım. Trol hücümüdurmu? Rəyçilərin səhifələrinə baxdım. Trol-mrol deyillər. Hətta əksəriyyəti “demokratik düşərgənin” adamlarıdır.

Arada tək-tük istisnalar olmaqla bir-birinə züy tutan rəyçilərə yazmaq istədim ki, Aslan İsmayılovun vaxtını, əsəblərini qondarma xuliqanlıq maddəsi ilə aylarda məhkəmələrdə istismar etmirlərmi? Edirlər. Zərdüşt Əlizadə həmin “xuliqan” sözünü o maddəni doğub-törədənlərin təpəsinə vurmurmu? Vurur... Bəs siz Zərdüşt Əlizadəni “boykot” etməklə nəyə nail olmaq istəyirsiz? Ondansa barı tərəfdaşı olduğunuz Aslan müəllimin diqqətinizə təqdim etdiyi məqaləyə cüzi diqqət yetirib məsələdən hali olaydınız. Yazmadım, çünki bu qədərini onsuz da oxumayacaqdılar.

P.s. Vallah, mənim o firma qızım vardı ha, onun yumor hissi daha güclü idi. Üstəlik kinoçu Mahmud dayının sitat gətirdiyi kəndçim də sakitcə öz dünyasına çəkilib susurdu...

Yazı müəllifin fikirlərini əks etdirir və Meydan TV-nin mövqeyi ilə üst-üstə düşməyə bilər.