Zaur Qurbanlı
Zaur Qurbanlı

360 dərəcə sıfır deyil

Bəzən "180 dərəcə dəyişmək" əvəzinə "360 dərəcə dəyişmək" ifadəsi işlədilir. Əlbəttə, yanlışdır, çünki 360 dərəcə çevrədir və elə əvvəlki vəziyyətə qayıtmaqdır. Riyaziyyatda 360 dərəcə dəyişmək elə dəyişməməkdir, əvvəlki yerdir.

Bəs həyatda necədir? Çevrəni başa vurmaq, əvvəlki yerə qayıtmaq dəyişməməkdir?

Bir gün həyatı dərk etməyə başlayırsan (ya da belə düşünürsən), 0-dan tərpənirsən, oxuyursan, inkişaf edirsən, təcrübə toplayırsan... Artıq əvvəlki sən olmursan.

Dəyişə-dəyişə gedirsən, mövqeyinin, fikirlərinin əvvəlkindən get-gedə fərqləndiyini görürsən. Bir gün elə bir yerə çatırsan ki, sıfırdakı mövqeyini söydüyünü görürsən. Tam əks fikirlərə qərq olmusan artıq. Söydüklərin, inkar etdiklərin içində keçmişdəki Sən də varsan. Bu, 180 dərəcədir.

Amma sən bunun 180 dərəcə olduğunu bilmirsən. Elə bilirsən ki, daha uzağa gedə bilərsən, yığdığın təcrübə də davam edir. Sən çevrədə olduğunu düşünmürsən, elə bilirsən ki, sıfırdakı Səndən düz (ya da əyri, amma çevrə olmayan) xətt üzrə uzaqlaşırsan, get-gedə aralanırsan ondan, bir də ora yaxınlaşmayacaqsan.

Amma sən 180-dən sonra get-gedə ona yaxınlaşırsan. Çünki 190 dərəcə sıfıra daha yaxındır, nəinki 180. Ümumiyyətlə, bütün dərəcələr sıfıra 180-dən daha yaxındır. Sən sıfırdan uzaqlaşdığını düşündükcə, 270-ə çatırsan. Artıq sıfır üfüqdə görünür.

Çaşırsan, bunu bir ilğım, xatirə, keçmişin qarabasması hesab edirsən. İrəli gedirsən. Sənin irəli hesab etdiyin hərəkət sıfırdan daha da uzaqlaşmaqdır, amma sürətlə ona yaxınlaşdığını bilmirsən, bilsən də, inanmırsan, bu həqiqətdən qaçmaq üçün daha bərk qaçırsan, sıfıra daha sürətlə yaxınlaşırsan.

Bir gün də - 40-ında, 50-sində - neçəsə yaşında gəlib çatırsan sıfıra. Yenidən sıfırda olduğunu hər adam dərk etmir. Dərk edəndə başa düşürsən ki, mahiyyət etibarilə sən 14 yaşındasan yenə. O saflıq, o hisslər. Amma axı sən bu qədər yol keçmisən. 360 dərəcəlik tam bir çevrəni on illər ərzində gəlmisən.

Təcrübə yığmısan, yaxşılıqlar görmüsən, yaxşılıqlar etmisən, əclaflıqlarla üzləşmisən, bəlkə də, kiminsə haqqına girmisən. Sən 14 yaşındakı ağ kağız deyilsən, üstünə çoxlu çirk yığmısan, vicdan əzabları, insandan başqa heç bir canlıda olmayan uzunmüddətli yaddaşın verdiyi əzablar, xoş hisslər... çox şey var. Sən yaşamısan. Çevrəni keçmisən.

Yenə eyni yerdəsən, amma sən artıq o Sən - sıfırdakı Sən deyilsən. Yalnız şaquli baxanda sən sıfıra qayıtmısan, əslində isə sən çevrədə yox, spiraldasan, bir pillə üstə çıxıb sıfırın üstünə çatmısan. Bəlkə də, ona görə bunun adı 360-dır, sıfır yox. Emosional olaraq 14 yaşına çatmısan, rasional olaraq, nəhəng məsafə keçib bir pillə artırmısan.

Həyatın yalnız quru rasional tərəfini görənlər, insan uydurmalarını dəqiq riyaziyyatdan başqa heç bir formada görməyənlər buna üfüqi baxırlar və indiki Səni 14 yaşındakı Səndən bir pillə yuxarıda görürlər. Amma həyatın emosional tərəfini görə bilənlər, insan uydurmaları içərisində təkcə riyaziyyatı yox, ədəbiyyatı da görənlər isə bu yola şaquli - üstdən-aşağı baxırlar, sənin bir çevrə vurduğunu görürlər, 14 yaşındakı saf hisslərə yenə etiqad etdiyini, 180 dərəcə əvvəl söydüyün hisslərinə artıq qayıtdığını görürlər.

Bir çayda 2 dəfə çimmək olmaz. 360 dərəcə sıfır deyil. Həmişə rasional baxmaq lazım deyil, məşhur filmdə deyildiyi kimi, emosiya çatmır, emosiya.

#heryeredebiyyat

Yazı müəllifin fikirlərini əks etdirir və Meydan TV-nin mövqeyi ilə üst-üstə düşməyə bilər.