Müşfiq Hətəmov
Müşfiq Hətəmov

Müşfiq Hətəmov: Kino institutunun yaradılması vacibdir

“Azərbaycan kinosu vergidən azad edilməlidir”

"Kinematoqrafiya haqqında" qanun layihəsi yenidən Mili Məcilisin iclasında müzakirəyə çıxarılıb. Millət vəkilləri Azərbaycanda kino sahəsinin inkişaf etmədiyi qənaətində olduqlarını deyiblər. 

Deputat Fazil Mustafa hesab edib ki, Azərbaycan kino sahəsində Gürcüstan və Ermənistandan geridə qalıb. Aqil Abbas isə bu sahədəki vergi problemlərini qabardıb.

Bu qanun Azərbaycan kinosunda yeni prosesin başlanğıcı olacaq”

Qanun layihəsinin komissiya üzvlərindən olan Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasının direktoru Müşfiq Hətəmov Meydan TV-yə deyib ki, "Kinematoqrafiya haqqında" qanun layihəsi 2016-cı ildə Milli Məclisin Mədəniyyət komitəsinin iclasında ilkin müzakirəyə çıxarılıb:

“Bu qanun Azərbaycan kinosunda yeni prosesin başlanğıcı olacaq. Azərbaycan kinosunun belə bir qanuna çox böyük ehtiyac var. Burada əsas məqsədlərdən biri də kinomuzun dünyaya inteqrasiyası məsələsidir”.

Müşfiq Hətəmov deputat Fazil Mustafanın fikrinə də münasibət bildirib:

“Bu gün Ermənistanın özündə kino çox ağır vəziyyətdədir. Amma erməni sponsorları tərəfindən xaricdə çəkilən filmlər, "onlarda yaxşı kinolar çəkilir" - deməyə əsas verir. Bu gün Azərbaycan kinosu dünyanın 50-dən çox ölkəsində göstərilir və son bir neçə ildə çoxlu sayda beynəlxalq festivallarda təmsil olunmuşuq. Lakin buna baxmayaraq, daha da inkişaf etmək üçün islahat layihələri hazırlayıb, Mədəniyyət Nazirliyinə və Milli Məcilisə təqdim etmişik”.

Komissiya üzvünün sözlərinə görə, yeni qanunda ümumi kompleks inkişaf proqramı nəzərdə tutulub ki, bunun bir bölümünə də vergi məsələləri daxildir:

“Layihədə "Film Komissiya" deyilən ən əsas bir bölmə var. Ona əsasən, xarici kinoşirkətlərin Azərbaycana sərmayə qoyması və film çəkməsi, müştərək işlər nəzərdə tutulub. Həmçinin Azərbaycanda peşəkar kinonu istehsal edən özəl şirkətlər və dövlət studiyalarına şəraitin yaradılması, kino sənaye parkının yaradılması da yeni qanunda yer alıb. Vergi məsələsində güzəştlərin olması çox vacibdir. Biz filmin satışından vergi ödənilməsinin əlayehinə deyilik. Lakin kamera almaq üçün 36 faiz gömrük rüsumu ödəyirik. Bir kameranın qiyməti isə 450-500 min dollar, bəzən isə avro ilə olur.

Milli Kino Mərkəzinin yaraması çox vacib məsələdir. Həmçinin kino sənaye parkının olması, eləcə də, kino layihələrini maliyyələşdirən fondun yaradılması da vacib məsələlərdəndir. Çünki bizdə bu sahədə də boşluq var. Kino institutunun yaranması vacibdir. İnstitut deyəndə, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti kimi təhsil müəssisəsini nəzərdə tutmuram. Həmin institutda müasir texnikalar, üslüblar, informasilayalar haqqında məlumatlar olmalıdır”.

“Müsahibələrinizdən birində demişdiz ki, "Kinematoqrafiya haqqında" qanun layihəsinin hazırlanmasında yerli və xarici mütəxəssislər iştirak edib. Qanun layihəsində və Milli Kino Mərkəzinin həyata keçirilməsində daha çox hansı ölkələrin təcrübəsi nəzərə alınıb”- sualına M.Hətəmov belə cavab verib:

“Kino sənayesi çox demokratikdir və bu, heç kimə sirr deyil. Bu məsələ ilə bağlı biz mütəmadi olaraq Fransa, Almaniya, hətta Yaponiya və Türkiyə mütəxəssisləri ilə məsləhətləşmələr aparmışıq. Bu gün kino istehsalı qeyri-neft sektoru olaraq Azərbaycana gəlir gətirməkdə çox böyük rol oynaya bilər. Hər bir dövrün öz tələbi və hər sahənin də problemləri var. Yeni dövrün qarşımıza qoyduğu tələblərin və problemlərin həll edilməsində kinonun rolu əvəzsizdir. Yeni qanun layihəsi də kino sahəsinə yeni nəfəs, təkan verəcəyinə inanıram”.


Rejissor Tahir Əliyev Meydan TV-yə bildirib ki, Azərbaycan kinosu, Gürcüstan və Ermənistandan bədii tərəfdən deyil, idarəçilik baxımından geri qalır:

"Azərbaycanın çox savadlı rejissorları var var. Sadəcə, Azərbaycan kino idarəçiliyi bərbad olduğu üçün biz onlardan geri qalırıq. İnanmıram ki, Milli Məclisdəki dinlənmələrdə, qanun qəbul olunanda, kiminsə cəsarəti çata, Azərbaycan kinosunun idarəçiliyi bərbad gündə olduğunu deyə. Öz "şkuraları"nı qorumaq üçün bunu heç kim dilə gətirməz. Azərbaycan kinosunun evini yıxan ən əsas amillərdən biri də vergidir. Düşünürəm ki, Azərbaycan kinosu qısa müddətə də olsa, vergidən azad edilməlidir".

Bəzən qurumlar bizi süründürürlər

"İlk Media" film istehsal şirkətinin yaradıcısı İlkin Həsəni qanun layihəsinin müzakirəsində vergi güzəştinin vacib olduğunu vurğulayır. Hesab edir ki, bu, kommersiya filmi çəkən şirkətlərin xeyrinə olacaq:

"Dünyada belə bir praktika mövcuddur, yeni başlayan bir sahə varsa, - bu, ələlxüsus, mədəniyyət, incəsənət, film sahələrinə şamil edilir- dövlət müəyyən güzəştlər edir. Güzəştlərdən ən birincisi də müəyyən müddətdə vegilərdən azad olmaqdır. Son dörd ildə Azərbaycanda kommersiya filmləri inkişaf edir. Lakin bir həddə dirənib, qalmışıq. Dirənib, qalmaq da müəyyən güzəştlərin olmaması ilə bağlıdır. Bu gün kommersiya filmlərinin prodüsserləri qapı-qapı gəzib, sponsor və maliyyə vəsaiti axtarır. Pulu oradan-buradan, sağ olsunlar, dost-tanışdan tapırlar, filmi çəkirik. Soruşa bilərsiniz ki, nəticə nə olur. İlimizin 9 ayını aparan hazırlıq - ssenari, çəkilişlər, montaj və ən nəhayət, premyera - bunların hamısı pul deməkdir. Nəticə etibari ilə 18 faiz ƏDV ödəyirik, kinoteatr 50 faiz öz payını götürür. 10 faiz də onların nəzdində olan distribütorlar alır. Yerdə qalan məbləğ bizim bank hesabımıza köçürülür və yenidən oradan da 4 faiz vergi ödəyirik. Təsəvvür edin, bir məhsuldan biz iki dəfə vergi ödəyirik. Bu hal dünyanın heç bir yerində yoxdur. İndi düşünün istehsalçının əlində nə qalır? Biz heç olmasa, 5-7 il ərzində vergilərdən azad olmalıyıq. Həmçinin xüsusi şərait yaradılmalıdır ki, çəkilişlər zamanı hər hansı bir problemlə qarşılaşmayaq. Bəzən olur ki, ssenariyə əsasən bəzi qurumların köməyi lazım olur, amma bizi süründürürlər. Məktubu yazırıq, amma həmin qurumdan cavab 1-2 aydan sonra gəlir".