Nazlı Ağayeva
Nazlı Ağayeva

Cahilliyin ''namus strategiyası''...

Mənim hekayətimdəki qaçırılan qız xoşbəxtdirmi? Bilmirəm. Amma bütün hallarda ona sahib çıxan bir ailəsi olduğunu artıq çoxdan bilirəm. Qızlarınıza sahib çıxın, onlar çiçək kimidirlər. Sahib çıxın ki, solmasınlar...

Uzun illər öncə anamla kənddən şəhərə gəlib kiçik bir kirayədə geniş arzularla yaşayırdıq. Bir gün işdən gələndə rəhmətlik böyük qardaşımı bizdə gördüm. Kəndimizdən rayona çıxış yalnız səhərlər baş tutub günortaya qədər yekunlaşırdı. Payızın axşamında kənddən gələn varsa, deməli, nəsə ciddi bir şey baş verib. Ümumiyyətlə, anamın “uşaqları” bizi elə-belə yad etməzdilər. Hər gəlişin altından mütləq anamla müzakirə olunub, mənə həll etdiriləsi bir problem çıxırdı. Budəfəki məsələ də o biri qardaşlarım gələn kimi məlum oldu.

***

Böyük qardaşımın oğlu qız qaçırıbmış. Qızın adamları polisə müraciət ediblər. Məhz zorakılığa qarşı aqressiv biri olaraq dərhal məni bu işə qarışdırmamalarını xahiş etdim. Halım o qədər dəyişdi ki, hətta anamın işarə ilə məni eyvana çağırıb “bişirməyə” ürəyi gəlmədi. Amma mən gərginlikdən qızarmış o ala gözlərin qarşısında nə qədər dayanasıydım ki?..

Qız qaçıran oğlanın atasının “yumşaldılmış” hekayətini qulaqucu dinləyib işin əslini öyrənmək üçün digər qardaşımla evdən uzaqlaşdıq. Heç demə, dostlarının yardımı ilə bizim “igid” kəndimizə təyinatla gələn on səkkiz yaşlı texnikum məzununu zorla maşına təpib xalasıgilə qaçırıbmış. Həm də ona dəfələrlə “yox” cavabı vermiş birini dərsə getdiyi məktəb yolundan. Əhvalatdan xəbərdar xala “xeyir işə” möhkəmcə hazırlaşıbmış. Əli-ayağı uyuşmuş qıza razılıq kağızı da yazdırılıbmış. İntəhası, mənim vasitəmlə polisdən arxayın olmaq istəyirlərdi ki, qız hələlik “tapılmasın”. Biz həmin digər qardaşımla bu incə məqamda ilişib qaldıq. Əgər qız razıdırsa, dilindən kağız da verirsə, nədir bu təlaş?

O zamankı polis rəisi hörmətimi saxlamaq kimi görüntü yaratmışdı. Amma mən o rəisin şəxsi müxbiri deyildim. Əlimə fakt keçən kimi polisdən də yazırdım. Ailəmin bunu bilə-bilə üstümə gəlməsi ayıb bir şeydi. Mənim məhz bu işə tərəf olmağım isə, ümumiyyətlə, mümkünsüzdü. Ortada bir zorakılıq vardı. Amma o zorakılığı “könüllü” qəbul edən çarəsiz insan da vardımı? Yoxsa hər şey, doğrudan da, qaydasındadır? Evə qayıtmaqdansa, bu sualların arxasınca qızın gizlədildiyi yerə getdik.

“Bəyin” xalası mənim “gəlinlə” görüşmək istəyimdən xoşlanmasa da, ağır-səngin qardaşımın qırımını görüb qabağa düşdü. Girdiyimiz iri otağın pəncərəsinə qısılıb bir uşaq oturmuşdu. Qız bizi görən kimi doluxsunub əlindəki dəftər vərəqini xalaya uzatdı. Xala sevincək özünü çölə atanda mən ona nə səbəbə gəldiyimizi başa saldım. “Əgər ürəyincə deyilsə, o kağızın bir əhəmiyyəti yoxdur”,- dedim. Qız titrək səslə soruşdu ki, bəs siz oğlanın bibisi deyilsiz? “Mən sənin də bibinəm”, - deyəndə kövrək-kövrək gülümsədi. Onu havaya çıxartdım. Eyvanda gəzişərkən qardaşımla göz-gözə gəldik. Bayaqkından rahat görünürdü.

Birazdan otağa qayıdanda... İçəridəki “yengələrin” açıq-saçıq eyhamlarından səksənən qız bərk-bərk məndən yapışdı. Kimsəyə məhəl qoymadan onu təkrar otaqdan çıxartdım. Təxminən yaşıdım olan xala məni kənara çəkib: “Bu qədər səs-küydən sonra hara gedə bilər ki? Allaha şükür, gül kimi oğlana, yaxşı ailəyə qismət olur. Evi də məktəbin yanında. Burax, xoşbəxt olsun”, – dedi.

Qardaşım qolumdan asılmış heysiz qızla əsəbdən titrəyən məni görüb maşını yaxınımıza gətirdi. Yola çıxandan sonra qız ağlaya-ağlaya evlərinə qayıtmaq deyil, məhz burdan uzaqlaşmaq istədiyini bildirdi. Biz bacı-qardaş özünə gəlsin deyə onu İsmayıllıda yaşayan dayımgilə aparıb hamımızın sevimlisi dayıdostuma əmanət verdik. İlk andan ona isnişən qıza orada əziz qonaq olduğunu, yalnız ürəyini dinləyərək qərar verməyi tövsiyə etdik.

Qayıdanda qızı təkrar “qaçırdığımızı” eşidən bizimkilərin “məhkəməsindən” əvvəl polisə getdik. Yerini-yurdunu deyib şifahi izahat verdim ki, qız razılıq kağızı yazsa da, daha sağlam düşünənə qədər o kağız heç nəyə yaramır.

Gecənin bir aləmi ikimiz qalanda qorxudan yorğanı başıma çəkmişdim ki, anam əlini ayaqlarımın üstünə qoyub qızın halını soruşdu. Səsində nə inciklik vardı, nə də töhmət, mənim anam sadəcə o qərib qızın xiffətini cəkirdi. Və biz iki oyaq adam o uzun gecəni öz içimizdə danışa-danışa açdıq.

***

Üç-dörd gün sonra ailəsi qızı görməyə dayımgilə gəlib ona nə baş verir-versin, əgər dönmək istəsə, daim yanında olacaqlarını deyirlər. Mentalitetimizə uyğun “ad çıxmaq”, “namus söhbəti” kimi “sanksiyalar” gözləyən qız əksini görəndə dayıdostuma sarılıb hönkürür.

Yaşadığı o boyda travmaya baxmayaraq, o qız bizdən qətiyyən şikayətçi olmadı. Adamlar adi insani yanaşmaya anlayış göstərərək sadəcə qızlarını götürüb getdilər. Bununla belə, “ayıq hüquq mühafizəçilərimiz” adam oğurluğu maddəsi ilə iş açdılar. Həftələrlə aidiyyati qapılarda süründük. Bizimlə bərabər qızın onu hər addımda sevib əzizləyən, hər gözdən, hər sözdən qoruyan ailəsi, yaxınları da.

O çəlimsiz, məsum qızın o məkrli kabinetlərdə yazmağa məcbur olduğu hər kəlmə izahat üçün mən bütün ömrümə yetəcək utanc yaşadım. Və hər dəfə onu müşəmbəli qapıların ağzında görəndə bir az kiçilirdim...

Yazı müəllifin fikirlərini əks etdirir və Meydan TV-nin mövqeyi ilə üst-üstə düşməyə bilər.