Nazlı Ağayeva
Nazlı Ağayeva

İpdən asılı xoşbəxtlik

Bir ipüstü paltar sərəndən sonra gördüm hava tutulub. Yığışdırıb götürmək istəyirəm, amma düşünürəm, birdən yağış yağmasa, o qədər paltarı təkrar yuxarıdan düşürüb sərmək var. Götürməsəm də, kim bilir neçə günə quruyacaq. Beləcə tərəddüdlə göyə baxarkən başıma iri bir damcı düşdü. Allah səsimi eşidib mənə yol göstərirdi. Ağır yaş paltarları qucağıma yığaraq nasaz pilləkənlə birtəhər yuxarı daşıdım.

Axşamüstü selləmə yağış yağmağa başlayanda sevindiyimdən qəzada şil-küt olmuş sol ayağımı da, bütün bədənim üçün real təhlükə olan çürük pilləkəni də unutmuşdum.

Pilləkən demişkən, yerli hökumətin mənə ötən il uçuq hamamın qalıqlarından özümə daha etibarlı pilləkən tikməyə icazə verdiyi gün də çox xoşbəxt idim. Hərçənd sonra köhnə hamamın mişar daşlarından deyil, adi çay daşlarından tikilmiş olduğu ortaya çıxdı və icazə istifadəsiz qaldı. Buna baxmayaraq, mən hələ də o möhtəşəm günü qürurla xatırlayıram.

Problemlərlə dolu bu ölkədə bəndənin allahdan və padşahdan umacağı təxminən bu ampuladadır. Yəqin elə özümüzə rəva gördüklərimiz üzündən bu gündəyik. O halda sadəcə manqurt baxışlarla dağılan parçalarını seyr edəcəksən...

***

Bank kreditləri ölkənin ən populyar mövzusudur. Əhali olumdan ölümədək banklardan asılıdır. Doğum evindən çıxmaq da kreditlədir, mərhələli yas çadırını qurmaq da. Hansı şərtlərlə olur-olsun, adın hansısa bankın faiz dəftərinə məhkumdur. Əslində “hansı şərtlər” deyə bir şey yoxdur, birmənalı bankın mənfəətinə işləyən hiyləgər “qanunlar” var. O qanunları tənzimləyən nizamnamələr, oxumadan imzaladığımız müqavilələr var ki, istənilən zaman müştərini haqlı deyil, borclu çıxarar. Məsələn, belə...

...Ölmə-diril sürünən xalqın ailə dramı üstünə qəfil xəstəlik gələndə əsl faciəyə çevrilir. O zaman əmələ gələn ağır fiziki-psixoloji, maddi-mənəvi böhranı ifadə etməyə sözün gücü çatmaz. Belə dəhşətli sınaqdan yarımcan çıxmış bir ailə yaxınımız var. Ailə başçısının boğazında yaranmış onkoloji problemlə paytaxt xəstəxanalarında tam bir cəhənnəm yaşayıb, qıtlağı kəsilmiş səssiz adamla geri dönüblər.

Bütün ömrü çöldə-bayırda təsərrüfatla keçmiş yaşlı adamın halını təsəvvür edirsizmi? Canı boğazında çırpınan insanın özünü ifadə edə bilməməsi, daim mərkəzində olub qərar verdiyi ailəvi məsələlərə lal-dinməz seyrçi olmaq əzabı...

Bu arada oğlanlarından birinin tanışı zamin axtarırmış. Uzağa niyə getsinlər ki? Heç düşünmədən onkoloji əlili banka aparırlar. Mənim tanıdığım əliqabarlı halal adam mahiyyətini bilmədiyi işə könüllü qol qoymazdı. Amma artıq söhbət nitqi qurumuş möhtac xəstədən gedir.

Bəs bank? Ötən il kredit müraciətimin müqabilində sənədlərim düzgün ola-ola o qədər çək-çevirə saldılar ki, çıxanda bir ovuc ürək dərmanı ilə birtəhər özümü toxtatdım. Mən cəhənnəm, göstərdiyim zamini cürbəcür axmaq sullarla necə “test” etmişdilərsə, yazıq yumruğunu çırpmamaq üçün əllərini bir-birinə kilidləmişdi.

Danışa bilməyən əlil zaminlə bankda söhbət necə gedib? Sorğu yazılı şəkildə aparılıbmı? Xeyr və əsla! Sadəcə bankın və müştərinin maraqları üst-üstə düşüb. “Zamin” adlandırdıqları əlil vətəndaşa hər iki tərəf üçün sərfəli sənədlər imzalatdırılıb. Yəni alanla verən birləşib olaydan bixəbər qurbanı “yeyiblər”. Uğurlu əməliyyat nəticəsində qısa müddətdən sonra müştərinin əvəzinə hər ay 103 manatlıq faiz “zaminin” pensiyasından tutulmağa başlanıb. Həyatına sap-sağlam davam edən yeri-yurdu bəlli müştəri ilə hesablaşmaq bankın birbaşa səlahiyyətindədir.

Amma əldə hər iki tərəfi qane edən “qanuni” rahat üsul varkən işi çətinə salmağa dəyməz. İndi bildikmi, məhz çarəsiz ahıl adamın son ümidi niyə o üsulla qarət olunur?

Ona görə ki, ölkədə aşağıdan-yuxarıya əlinə vəzifə keçən hər kəs xalqın qanına susayır. Müxtəlif təyinatlı vampirlər hakimiyyətin yüksək cəzasızlıq qoruması altında hər fürsətdə bizi qarışqa kimi əzirlər. Təbii prosesdir. Çünki ortada özünü xalq kimi yetişdirməkdən imtina edən kütlə və tənbəl kütlənin biganəliyindən məharətlə istifadə edən çoxnövlü yırtıcılar var.

Məsələn, bizim “inanclı” tanış nəyə desən and içibmiş ki, üç min manatlıq krediti uzağı üç aya bağlayacaq və “zaminin” heç ruhu da inciməyəcək. Ruhu onsuz da incik adamın ən böyük təsəllisi elə o əlillik kartı idi...

Lənət olsun, biz bu ölkədə yalandan içilən nə boyda andlar gördük! Xərçəng bunlardan abırlı imiş, ən azından andla-vədlə aldatmır...

Yazı müəllifin fikirlərini əks etdirir və Meydan TV-nin mövqeyi ilə üst-üstə düşməyə bilər.