M.F.Axundovdan başlayıb Rüstəm İbrahimbəyovadək gəldiyimiz yanlış yol

Rüstəm İbrahimbəyov

Birinci. Rüstəm İbrahimbəyovun “Qafqaz üçlüyü” filmi bu sözlərlə başlanır: “... ərazi baxımından Azərbaycanda yerləşən Dağlıq Qarabağ...” (...территориально находящаяся в Азербайджане...). Elə bil Ərəbistan yarımadasının neçə milyon illərsə qabaq Afrika qitəsinə yapışıq olmasından söhbət gedir. Belə diplomatik ikibaşlılıq nə üçün lazım idi? Dağlıq Qarabağ Azərbaycana təkcə coğrafi baxımdan yox, həm də və ən başlıcası, tarixi, hüquqi və mədəniyyət baxımından aiddir.

İkinci. Filmdə göstərildiyinə görə, azərbaycanlılar – özü də uşaqdan böyüyə – ermənilərə nifrət edirlər. Bu, doğrudur, azərbaycanlılar ermənilərə nifrət edirlər. Ancaq filmdə bu nifrətin yaranış səbəbləri barəsində danışmaq bir yana dursun, buna heç eyham da yoxdur. Belə çıxır ki, azərbaycanlılar ermənilərə səbəbsiz (başqa sözlə, haqsız!) yerə, yəni öz psixolojik illüziyaları səbəbindən nifrət edirlər. Belə səbəbsiz nifrətin (əslində qorxunun) adı isə psixologiyada fobiya adlanır. Deməli, film azərbaycanlıların ermənilərə qarşı nifrətini göstərib, nifrətin səbəbinə toxunmamaqla azərbaycanlıları “armyanofob” kimi təqdim etməyə çalışır. Azərbaycanlıların ermənilərə nifrəti doğrudanmı səbəbsizdir?!

Ermənilər öz qədimliklərinə inandıqlarından öz tarixlərinə də düşkündürlər. Tarix isə zəhərdir, kin zəhəri. Öz tarixini bilmək – bu zəhərlə zəhərlənmək deməkdir. Öz tarixini bilənlər – keçmişdəki dostlarını-düşmənlərini tanıyıb, bunu unutmayıb, kin zəhərini ürəyində saxlamağa, öz tarixindən xəbərsizlər isə körpə uşaq sadəlövhlüyü və unutqanlığıyla xoşbəxt-xoşbəxt yaşamağa məhkumdurlar. Biz çox sonralar anladıq ki, nərimannərimanovlar və mircəfərbağırovlar ancaq bolşevik imişlərsə, şaumyanlar və mikoyanlar bolşevik və kommunist olmaqla yanaşı, sən demə, erməniliklərini də unutmayıbmışlar; biz ermənilərdən özümüzə kirvə tutanda, onlar Qarabağı bizdən qoparmaq üçün Bakıda Krunk təşkilatına pul toplayırmışlar; biz Şaumyana həsr edilən şeirləri dərs kitablarından əzbərləyəndə, erməni tarixçisi 1942-ci ildə Bakıda Dağlıq Qarabağı Artsax adlandıraraq, “Artsaxın ərəb işğalçılarına qarşı mübarizəsi” mövzusunda monoqrafiyasını çap etdirirmiş. Ermənilər azərbaycanlılardan daha qədim deyillər, daha yaddaşlıdırlar. Qısası, bu nifrətin mənşəyi unutqan azərbaycanlılar yox, yaddaşlı ermənilərdir. Bu günün özündə də ermənilərin bizə qarşı kini bizimkindən daha dayanıqlıdır. Çünki bizim onlara qarşı otuz yaşlı kinimiz dərin tarixi dayaqdan – zəhərdən məhrumdur. İbrahimbəyovun filmi isə bizi erməniyə nifrət etməkdə suçlandırır.

Üçüncü. R.İbrahimbəyov film haqqında video-müsahibəsində, son illər haradansa peyda olan arqumenti təkrarlayıb, təxminən belə deyir: “Azərbaycanlılar ermənilərə nifrət etməməlidirlər. Əks təqdirdə, ermənilər deyərlər ki, bax, görürsünüz, azərbaycanlılar bizə nifrət edirlər, ona görə də biz Qarabağ erməniləri Azərbaycanın tərkibində yaşaya bilmərik.” Bir sözlə, Qarabağı geri qaytarmağımız üçün ermənilərlə barışmağa hazır olmalıyıqmışıq. Görəsən, ermənilərdən də tələb edilirmi biz azərbaycanlılara qarşı indən belə nifrət etməsinlər və beləcə bizim Ermənistandan qovulanlarımız da oraya qayıda bilsinlər deyə? Doğrudanmı məşq etsək, özümüzü əhliləşdirsək və yaxud möcüzəvi genetik müdaxilə ilə ermənilərə qarşı acıqlı genlərimizi məhv etsək, ermənilər Qarabağı Azərbaycanın tərkibinə qaytarmağa razı olarlar?! Bu ki, dəlilikdir. Ümumiyyətlə, ümumbəşəri fikir tarixində (fəlsəfədə, ədəbiyyatda, dinlərdə və s.), ədalətsizlik törədən zalımdandanmı tələb edilir nifrətini soyut, kinini söndür deyə, yoxsa haqsızlığa məruz qalan, zərərçəkən qurbandan?!
Rüstəm İbrahimbəyov öz xalqına, daha doğrusu, öz millətinə qarşı nə üçün belə mövqedədir? İbrahimbəyov təkdirmi, istisnadırmı, satqındırmı? Yox, biryolluq yox! İbrahimbəyov – tək, istisna, satqın deyildir, o, Mirzə Fətəli Axundovdan başlanan – elə bu sətirlərin müəllifinin özünü də on-onbeş il bundan qabaqkı bir sıra yazılarında həmin mövqeni tutmağa sürükləyən, indi isə utandıran – təqribən iki yüz illik bir yolun yolçusudur. Bu yol – özünü inkar, özündən iyrənmə, özünü alçaltma yoludur.

Görəsən, Sovet Dövlətində 70 il boyunca bizə nə üçün ana dilimizi və milliyyətimizi qabardan mirzəkazımbəylər, əlibəyhüseynzadələr yox, öz millətinin böyüklüyünə inanaraq bayraq qaldırıb, dövlət quran rəsulzadələr, xoyskilər, topçubaşovlar yox, “Sən Hacı Qarasan!” (M.F.Axundov); “Sən Şeyx Nəsrullahsan, uzaqbaşı Kefli İsgəndərsən sən!” (C.Məmmədquluzadə); “Sən cin-şeytandan da qorxulu müsəlmansan!” (M.Ə.Sabir); “Sən bu tayda Məşədi İbadsan, o tayda Məşədi İbadın hambalı!” (Ü.Hacıbəyov) deyənlərimiz tanıdıldı, öyrədildi?

Yeri gəlmişkən, Ü.Hacıbəyov cənubi azərbaycanlı bacı-qardaşlarımıza qarşı “Məşədi İbadın hambalı” personajıyla bağışlanılmaz və iyrənc bir zarafata yol verib. R.İbrahimbəyovun sələfi Ü.Hacıbəyovdur. Hacıbəyovu dahi sayan azərbaycanlılar bir neçə il sonra İbrahimbəyovla da fəxr edəcəklər. Çünki Axundovdan üzü bu yana yaradıcılıq, ziyalılıq və elitarlıq modeli – öz millətini alçaltmaq, öz millətini ələ salmaq kimi başa düşülməkdədir, tək-tük istisna şəxsləri çıxmaq şərtilə. Bizə “Tfu, sizin üzünüzə!” deyən C.Məmmədquluzadədən nəyi pisdir R.İbrahimbəyovun?! İbrahimbəyov bu səbəbdən rahatdır, deyir: “Bir gün gələcək, bu filmim də qəbul ediləcəkdir”.

Prezident İlham Əliyev və onun həyat yoldaşı Mehriban Əliyeva Azərbaycan xalqına münasibətdə axundovçu məktəbinin ən parlaq məzunları, bu yolun ən tipik nümayəndələridirlər. Düzdür, onlar ədəbi-bədii əsərlər yaratmırlar, ancaq xalqa qarşı eyni münasibəti davranışlarıyla göstərirlər. Onların öz aralarında bir-birlərinə dediklərini (əlbəttə, rus dilində) – “Bu xalq qoyun kimi şeydir”, “Bu xalqa yaxşılıq yoxdur”, “Bu xalq həmişə kitabdan, mədəniyyətdən uzaq qaçan xalq olub”, “Bu xalq paxıl xalqdır” kimi sözləri – uzaqdan eşidə bilən qulaqlar duyur. Bu sözlərin hansının altına axundovlar, mirzəcəlillər, sabirlər, hacıbəyovlar qol çəkməzdi? İlham-Mehriban cütlüyünün xalqa münasibətindən eşidilən budur: “Siz elə buna layiqsiniz”. Bu münasibətdə Axundovun “Eşşəkdən törəyənlər də elə eşşək olacaqlar” sözünün təsdiqi duyulmurmu?!

Bu yaxınlarda kimsə İlham Əliyev haqqında belə demişdi: “İlham Əliyev özünü dövlətin yiyəsi kimi hiss eləmir, elə bil o, işğal etdiyi yad bir ölkədədir, xalqa qarşı qəddar və şəfqətsiz rəftar edir, sərvətlərini də yağmalayıb, havaya sovurur”. Bəyəm, axundovların, cəlilməmmədquluzadələrin, sabirlərin, hacıbəyovların xalqa qarşı ədəbi-bədii münasibəti elə bu cür deyildimi?! Onların hansı biri öz əsərində rusu, farsı, ermənini ələ salıb gülməyə ürək elədi? Onların hansı biri yaranmış acınacaqlı vəziyyətin tarixi səbəbləri barəsində baş sındırdı? Molla Nəsrəddin məşhur lətifəsində dediyi kimi: “Əşi, qəbahətin hamısı mənimdi?! Oğrunun heç günahı yoxdu?!”

Bir sözlə, ilk baxışda nə qədər paradoksal səslənsə də, İlham Əliyev və onun xalqı idarəetmə üsulu axundovçuluğun məhsuludur. Gün gələcək, ölkəmizdə doğruçu prezident seçkiləri keçiriləndə, debatlarda namizədlərə verilən həlledici suallardan biri belə olacaqdır: “Axundovdan başlanan, C.Məmmədquluzadə, M.Ə.Sabir, Ü.Hacıbəyov və b. davam edən ənənəyə sizin münasibətinizi öyrənmək maraqlı olardı. Sizcə, bu müəlliflər obyektiv tarixi reallığı yazırdılar, yoxsa öz şəxsi bədbəxtliklərinin acığını xalqdan çıxırdılar?”

Axundovdan başlanan, maarifçilik, realist ədəbiyyat kimi adlar altında ta bu günkü günlərədək uzanıb gələn bu yol – özündən iyrənmək dərəcəsində özünüinkar, özünü ələ salıb gülmək, özünü acı-acı alçaltmaq yolu – öz tarixini və öz kulturasını tanımamaqdan yaranmışdı və bu yolun müasir yolçuları da öz tarixlərini və kulturalarını tanımadıqları üçün bu yolda addımlamaqda davam edirlər.

Azərbaycan – Qazaxda başlayıb Astarada qurtaran ərazidə yaşayan beş-on milyonluq xalq demək deyildir. Bu millət yüzlərlə tapmaca, lətifə, minlərlə atalar sözləri, onlarla əfsanə və rəvayətlər, beşcildlik nağıl, beşcildlik dastan, bayatılar, oyunlar, musiqilər, rəqslər və b. yaradan millətdir. Bu, böyük bir sivilizasiya deməkdir. Yan-yörəmizdəki qonşularımız bir qırağa dursun, mədəni Avropa xalqlarından hansının bu boyda mədəni sərvəti var? Özü də bunlar vaxtilə nəhəng bir ölkənin Kərkük, Mosul, Ərbil, Diyarbəkir, Sivas, Ərzurum, Dərbənd, Borçalı, Zəngəzur, İrəvan, Həmədan, Urmu, Təbriz kimi şəhərlərində yox, onun bapbalaca tikəsində – sovet Azərbaycanında – aparılan alayarımçıq folklorik siyahıyaalmanın məhsuludur. Bu millət Qafqazın və İranın ən qədim sakinidir. Bunu dil faktları, bu sıradan toponim, antroponim və bu kimi adlar sübut edir. Ölkəmizin və millətimizin gizli tarixi – ana dilimizdədir.

Axundovla başlanan, R.İbrahimbəyov, İlham Əliyev, Mehriban Əliyeva kimi dayanacaqlara gəlib çıxan, elitarlığı, ziyalılığı, yaradıcılığı öz millətinə yuxarıdan aşağa baxmaqda görən yol – ancaq öz tarixini, dilini, mədəniyyətini öyrənməklə dəyişə bilər. Millətimiz özündə güc tapıb, ondan iyrənən ziyalılarına cavab verməlidir. Ancaq bundan sonra “İlham Əliyevin idarəetmə üsulu bu millətə layiq deyildir” deməyə haqqımız olacaqdır.

 Yazı müəllifin fikirlərini əks etdirir və Meydan TV-nin mövqeyi ilə üst-üstə düşməyə bilər.