İnsanlar Ağdamda Xocalı faciəsini anır, 1992-ci il
İnsanlar Ağdamda Xocalı faciəsini anır, 1992-ci il

Niyə Qərb Xocalını tanımır?

Birinci kursda oxuyanda dəyərli hüquqşünas Erkin Qədirlinin dərsində tələbələrdən biri soruşmuşdu ki, Qərb ölkələri niyə Xocalı soyqırımına diqqət eləmir. Onda Erkin müəllim başqa sualla maraqlı cavab vermişdi: “Sizin xəbəriniz var ki, Sudanda hazırda soyqırım gedir?”

20 Yanvarda, Xocalı faciəsi günü, azərbaycanlıların soyqırımı günü kimi qeyd etdiyi bütün kədərli ildönümlərində bu sual tez-tez tirajlanır: “Niyə biz həqiqətlərimizi dünyaya çatdıra bilmirik?” Təqsir kimdədir? Ümumiyyətlə, bu, təqsirdirmi? Dünya kimdir? Dünyaya çatdırmaq nədir? Məqsəd nədir? Nəticə nə olacaq? Bu sualları isə çox adam vermir, amma yenə də maraqlı olaraq qalır.

Bizim kimi gözdən-könüldən iraq xalqların problemlərinin gündəmə gətirilməsi məsələsi ətrafında baş verən hadisələrlə bağlı Clifford Bob maraqlı yazı yazıb: “Mənəviyyat dəllalları”.

Müəllif tibetlilərin problemi ilə uyğurların problemini müqayisə edir. Hər ikisi Çinin tərkib hissəsidir, hər ikisində Çin tərəfindən ayrı-seçkilik siyasəti var, hər ikisi buna etiraz edir. Hətta uyğurların vəziyyəti bir az da pisdir, adları seperatçı, terrorçu qoyulub. Seperatçılıq tibetlilər barədə də Çinin məşhur ittihamıdır. Tibetin 5,5 milyon əhalisi var, Sintzyan-Uyğurun 7 milyon. Amma məsələ burasındadır ki, dünyadakı bütün məşhur hüquq müdafiə təşkilatları Tibet məsələsini gündəmdə saxlayır, onların hüquqlarının pozulması faktları dərhal işıqlandırılır, amma tibetlilərin şimal qonşularının bənzər problemlərini görmürlər və ya “görmürlər”. Məşhur aktyorlar, müğənnilər Tibet haqqında danışırlar, Vaşinqtonda Tibet mövzusuna həsr olunmuş açıq havada konsert keçirilir və s. Dünyada belə misallar çoxdur: Şərqi Timor, İndoneziyanın Açe əyalətinin problemləri, Braziliyanın tropik meşələrinin qırılması məsələsi, Çinin Üç Boğaz Bəndi, Çad-Kamerun boru kəməri qlobal diqqəti cəlb edib. Lakin oxşar problemlər olan Hindistanın Tehri bəndi, Qayananın tropik meşələrinin qırılması, Cənubi Asiyanın kasta sisteminin yaratdığı problemlər, TransTayMalayziya boru kəməri belə diqqətdən kənarda qalıb.

“Peacenet” beynəlxalq şəbəkəsinin yaradıcısı olan Howard H. Frederick deyir ki, yeni kommuniksiya texnologiyaları fərdlərə imkan verir ki, qlobal narahatlıq doğuran məsələləri şəxsi, hətta milli maraqlar üzərinə qaldıraraq, onun həllinə can ata bilsinlər. Dünya Resurs İnstitutundan Allen L. Hammond isə bildirir ki, qlobal media, yeni texnologiya və altruistik QHT-lərin kombinasiyası elə bir “radikal şəffaflıq” mühiti yaradıb ki, heç bir mübahisəli fəaliyyət gizli qala bilməz.

Amma Clifford Bob fərqli düşünür. O, hesab edir ki, beynəlxalq vətəndaş cəmiyyəti altruizmin açıq bazarı deyil, əksinə ayrı-ayrı qrupların nadir diqqət, simpatiya və pul üçün mübarizə apardığı sərt darvinist bazardır. Beynəlxalq auditoriya arasında getdikcə artan qeyri-bərabərlik, problemlərini diqqətə çatdırmaq istəyən yerli qrupları məcbur edir ki, öz əsl məqsədlərindən daha fərqli şeyləri göstərsinlər. Məsələn, beynəlxalq QHT-lər demokrtik idarə olunan və daxili mübahisələri olan qruplardan daha çox güclü, amiranə rəhbər – lider tərəfindən nisbətən sərt idarə olunan qruplara yardım göstərməyə meylli olurlar.

Ümumiyyətə, beynəlxalq dəstəyi qazanmaq uğrunda amansız mübarizə gedir. 2001-ci ildə Niderlandın Leyden Universitetinin və Vaşinqtonun (D.C.) Beynəlxalq Vasitəçilik və Konfliktləri Həlletmə İnstitutunun həyata keçirdiyi rəy sorğusuna görə, dünyada 126 yüksək intensivlikli konflikt və 178 zorakı siyasi konflikt var. Bu konfliktlərdə zəif tərəflər beynəlxalq dəstəyi almaq uğrunda mübarizə aparırlar. Bu mübarizədə onlar əsasən, 2 üsuldan istifadə edirlər. Birincisi, öz problemlərini beynəlxalq bazara çıxarırlar – konflikt, düşmənləri, bəzən özlərinin mövcudluğu barədə məlumat təqdim edirlər. İkincisi, öz problemlərini qloballaşdırmğa, dünyanın problemi kimi təqdim etməyə çalışırlar. Bu cəhdlərdə yerli qrupların əsas hədəfi nüfuzlu Qərb QHT-lərinə çatmaqdır.

Clifford Bob bildirir ki, yerli problemlərin qlobal səviyyədə ictimailəşdirilməsi prosesində “QHT-lər həmişə haqlıdır” prinsipi işləyir. Əsas məsələ bu QHT-lərə çatmaq, problemi onların qəbul edəcəyi “dildə” izah etməkdir. Məsələn, Nigeriyada neft şirkətlərindən xeyli milli azlıq əziyyət çəkir. Oqoni milli azlığı da onlardandır. Oqonilər bu məsələni 1990-cı illərin əvvəllərinə qədər qlobal səviyyədə eşitdirə bilmədilər. Amma bu dövrdə birdən-birə “Amnesty International”, “Greenpeace”, “Friends of the Earth”, “Sierra Club” kimi təşkilatlar 300.000-500.000 sayı olan tayfa haqqında danışmağa başladılar. Çünki Oqonilərin lideri Ken Saro-Wiwa problemi ətraf mühitin çirklənməsi adı altında təqdim etdi. Nəticədə beynəlxalq diqqət onlara yönəldi. Yaxud 1980-ci illərdə Qvatemalanın kommunist üsyançısı Rigoberta Menchu Qərbi Avropada məşhurlaşdı. Çünki o, problemi yerli xalqların hüquqlarının pozulması çərçivəsində konstatasiya etdi. Digər məşhur kommuinst qrup Zapatista da problemini kommunizm çərçivəsində izah etdikcə diqqəti cəlb edə bilmirdi. Amma onlar NAFTA-ya (Şimali Amerika Azad Ticarət Sazişi), qloballaşmaya qarşı mübarizə apardıqlarını bildirəndən sonra qlobal əsas QHT-lər tərəfindən diqqətə layiq görüldülər.

Bundan başqa, yerli hərəkatların uğur qazanmasının bir amili də güclü liderlərdir – Sun Yat-Sen, Mandela, Aung San Suu-Kyi, Dalay Lama və s. Onların şəxsiyyəti ətrafında yaranmış kult təmsil etdikləri problemi beynəlxalq diqqətə çatdırmaqda bəzən həlledici rol oynayır.

Clifford Bobun məqaləsindən görə bilərik ki, biz Xocalı faciəsinin tanıdılması məsələsində heç də sınanılmış bu ənənəvi üsullardan istifadə etmirik. Daha çox korrupsiya ilə nüfuzu zədələnmiş adamlardan, yenə də korrupsiya ilə, pulla ələ alınan parlament üzvlərindən istifadə edərək, bir problemi qlobal səviyyədə tanıtmaq mümkün deyil. Məsələ tək Xocalı faciəsində də deyil. Azərbaycanda demokratiyanın vəziyyəti barədə danışanda da şikayətlənirik ki, Qərb ölkələri bizi “satır”. Səbəbləri isə Qərb hökumətlərində əclafların çoxluğu ilə izah edirik, demək ki, yaxşı adamların Qərbə hakimiyyətə gəlməsini gözləyirik. Halbuki, o “əclafları” da nələrəsə məcbur etməyin yolları var – problemi beynəlxalq diqqətə çatdırmağın yuxarıda sadalanan bəzi üsulları kimi. Yaxud beynəlxalq səviyyədə tanınması hədəflənmiş bir dissident-lider layihəsi üzərində işləmirik. Təqdimat bu işin həlledici tərəfidir. Bizdə isə ən zəif olan budur. Təqdimat yoxdur, amma suallar var: “Niyə Qərb Xocalını tanımır?” “Niyə bizə dəstək vermirlər?” “Niyə görmürlər?”...

Yazı müəllifin fikirlərini əks etdirir və Meydan TV-nin mövqeyi ilə üst-üstə düşməyə bilər.