Zaur Qurbanlı
Zaur Qurbanlı

Adiləşmiş qətllər

O gün evdən yenicə aralanmışdım ki, qonşu məhəllədə bir qadının yüksək səslə danışığını eşitdim. Hadisə düz yolumun üstündə baş verirdi deyə, deyilənləri eşitməli oldum, həm də yolüstü bəzi şeyləri gördüm. Bir kişi balaca yük maşınında (mikroavtobus kimi) oturmuşdu, sürmək istəyirdi. Bir qadın isə sol əlində böyük bir daş (20 sm uzunluğu olardı daşın) saxlayaraq, sağ əli ilə sürücünün qapısını tutmuşdu. Mən yaxınlaşanda qadın deyirdi:

“Səni and verirəm Qoqunun canına, ver telefonumu. Qoqunun ölmüşü, telefonu ver”. Kişi qapını örtmək istəyəndə qadın qapını elə itələdi, fikirləşdim ki, qapı qırıldı. Onda kişi düşdü, pıçıltılı qışqırıqla deyirdi: “Camaat var, ayıbdır, camaat baxır”. Qadın isə Qoqunun canına and verməyə və telefonu istəməyə davam edirdi. Mən yanlarından keçdim, elə bir addım aralanmışdım ki, qadının bu sözləri dediyini eşitdim: “Döydün, söydün, yaxşı elədin. Amma telefonu ver”.

Bir anlıq müdaxilə etmək barədə fikirləşdim, amma əlində böyük daş olan və döyülməyi, söyülməyi problem hesab etmədiyini deyəcək qədər ağır vəziyyətdə olan adamı müdafiə edə bilməzdim deyə düşündüm. Yəqin ki, onlar ər-arvaddırlar, Qoqu da onların uşağıdır. Kişi arvadı söyüb, döyəndən sonra əlindən mobil telefonunu da alıb, çıxıb. Arvad da ardınca götürülüb ki, telefonu aparmağa qoymasın. Bilmədim, sonra nə oldu. Ümid edirəm, qadın telefonu aldı. Kaş, döyüləndə də, eləcə daşla müdafiə oluna idi.

Bu, ölkəmizdə hər gün minlərlə, bəlkə də milyonlarla evdə baş verən oxşar hadisələrdən biridir. Bunun axırı yəqin faciəvi olmayıb ki, biz xəbərlərdən oxumuruq. Amma çoxlu faciəvi hadisələr olur. Demək olar, hər gün qadınların döyülməsi, öldürülməsi, təhqir edilməsi, qovulması, rüsvay edilməsi ilə bağlı xəbərlər oxuyuruq.

“Ermənistanın Azərbaycana təcavüzü davam edir” cümləsini vaxtilə hər gün eşitdiyimiz kimi reaksiya veririk – sıfır reaksiya.

Nəticə get-gedə daha pis olur. O gün qətliamın üstünün açılması ilə bağlı xəbər yayıldı. 5 qadın – ana və 4 qızı 3 il qabaq öldürülübmüş. Vaxtilə Aytac Babayevanın öldürülməsinə öz miqyasında geniş reaksiya vermiş virtual Azərbaycan məkanı 5 qadına görə tükünü də tərpətmədi. Amma əksinə olsa idi, reaksiya necə olardı? Yəni 2 qadın 5 kişini doğrasa idi? Əmin olun, hamı onu müzakirə edərdi. Müqayisəyə görə üzr istəyirəm, amma bu, “itin adamı dişləməsi xəbər deyil, xəbər adamın iti dişləməsidir” məsəlinə oxşayır. Vaxtilə kişinin qadını döyməsinə normal baxırdıq, indi isə kişinin qadını öldürməsinə normal baxırıq. Kişinin qadını öldürməsi artıq ciddi xəbər deyil, hava proqnozu kimi bir şeydir, amma qadın kişini öldürsə, şok effekti olur. Səbəb yalnız fiziki qeyri-bərabərlik deyil, səbəb adiləşmiş qətllərdir.

Bu qətllər isə təkcə tez-tez baş verməsinə görə adiləşməyib, həm də reaksiya verilmədiyinə görə adiləşib.

Vətəndaş cəmiyyəti institutları məhv edilmiş cəmiyyətdə yalnız hökumətin puluna fəaliyyət göstərən, yəni yalnız hökumətin mahnılarına oynayn GONGO-lardan ibarət olan “QHT”-lər ya belə işlərlə, ümumiyyətlə, məşğul olmurlar, ya da sakitcə, tüstüsünü çıxarmadan məşğul olurlar. Çünki səs-küylü istənilən reaksiya sonda hakimiyyətə qarşı yönələcək, hər kəs etiraf etməsə də, anlayır ki, bu ölkədə məişətdən siyasətə qədər hər şeydəki çirkinlikdə siyasi rejim təqsirkardır.

Qadınların hüquqsuz vəziyyətə salınması insan hüquqlarına qarşı daimi səlib yürüşündə olan rejim üçün ən böyük uğurdur. Çünki yalnız bunu həyata keçirməklə ölkə əhalisinin, yəni potensial etirazçıların 51 faizini susdurub. Yəqin bilirsiniz, qadın hüquqlarının təmin olunması ilə ölkənin inkişafı (məsələ təkcə iqtisadi inkişafda deyil) düz mütənasibdir. Qadınları hüquqsuz vəziyyətdə olan inkişaf etmiş ölkə yoxdur, yaxud əksinə, inkişaf etmiş ölkələrdə qadınlar digər ölkələrə nisbətən ən yaxşı vəziyyətdə yaşayırlar. 21-ci əsrdə demokratiyanın, insan hüquq və azadlıqlarının yayılmasının qarşısını almağın yollarından biri də qadınların inkişafına imkan verməmək, onları qeyri-bərabər vəziyyətdə saxlayan mentaliteti dəstəkləmək, TV-lərdə təbliğ etmək, qadını insan hesab etməyən dini tabuların yayılmasına imkan vermək, bunu həvəsləndirməkdir, məsələn, dövlətin mollalara maaş verməsi kimi.

Yazı müəllifin fikirlərini əks etdirir və Meydan TV-nin mövqeyi ilə üst-üstə düşməyə bilər.