Zaur Qurbanlı
Zaur Qurbanlı

Bizi birləşdirən dəyər

“Azercell”-in reklamında deyilən bu sözün üzərində xeyli fikirləşmişəm. Əvvəllər düşünürdüm ki, bunu öz içimizdə axtarmalıyıq. Nədir bizi birləşdirən dəyər – mentalitet, din, etnos, ərazi, vətəndaşlıq...? Hətta mentalitetimizdə elə şeylər axtarırdım ki, özünü azərbaycanlı sayan hər kəs yaşadığı yerdən, cinsi oriyentasiyasından, dinindən, irqindən, milliyətindən asılı olmayaraq, riayət etsin.

Bir xeyli müddət sonra fikirləşdim ki, axı biz tək deyilik. Dünyada 200-ə yaxın müstəqil dövlət, minlərlə müstəqil olmayan dövlət və dövlət qurumu var. Bunların hər birində özləri üçün “birləşdirən dəyərlər” varmı?

Varsa, deməli, insanlıq bu qədərmi bir-birindən ayrı qalıb ki, təkamül belə xırda-xırda xüsusiyyətlər formalaşdırsın. Bu dövlətlərin və qurumların tarixinə baxanda gördüm ki, yox, insan qrupları bir-birlərindən bu qədər ayrı qalmayıblar.

Bir neçə misal üzərində izah etmək olar. Sudan və Cənubi Sudan 2011-ci ildə ayrılıblar. İndi Cənubi Sudan vətəndaşlarını birləşdirən nə isə var. Bu, nədir? Axı onlar cəmi 6 il əvvəl sudanlı idilər, indi isə sudanlıdan fərqləri var. Ümumiyyətlə, müstəmləkələr müstəqilləşəndə hər tayfanın, qəbilənin öz dövləti olmadı. Bir dəfə 2 qanalı ilə söhbət edirdim. Bilirəm ki, Qanada dövlət dili ingilis dilidir. Soruşdum ki, “sizdə hamı ingiliscə danışır?” Dedi ki, “yox, bizdə çoxlu tayfalar var. Hərəsinin də öz dili. Bir az böyüklərini götürsək, 30 tayfa var. İngilis dili ümumi istifadə üçündür ki, bir-birimizi başa düşək”. Hətta bəzi müstəmləkələr müstəqilləşərkən, bir tayfanın bir hissəsi bir dövlətdə, digər hissəsi başqa dövlətdə qalıb, indi özlərini öz dövlətlərinin vətəndaşları kimi daha çox təqdim edirlər. Məsələn, Türkiyə erməniləri türkiyəlidirlər, hətta bir çoxu erməni mənşəli türk deyirlər özlərinə. Türk dilinin inkişafında böyük rolları olub, hətta türk etno-millətçiliyinin inkişafında da.

Bəs nədir hazırda istifadə etdiyimiz adlandırmaların dayaqlandığı nöqtə? Düşünürəm ki, hərənin öz ayrıca dəyəri yoxdur bunun üçün. Ümumi səbəb liberal-milli dövlət layihəsinin bütün dünyada vahid proqram kimi qəbul edilməsidir. İndi bu proqrama kimin nə qədər əməl etməsi başqa söhbətin mövzusudur, amma həqiqət budur ki, hər bir dövlət vətəndaşlıq institutuna dayanır. Bura ifrat kommunist Şimali Koreya da aiddir, ümmətçiliyi (eyni dinə inanan ümməti digər insan qruplarından – milli, etnik, dil, vətəndaşlıq və s. üstün tutmaq) müqəddəs sayan şəriət ölkələri də. Səudiyyəli və qətərli fərqli şeylərdir, baxmayaraq ki, hər ikisi müsəlman, hətta sünni, ərəbdirlər. bunları fərqləndirən vətəndaşlıqdır.

Onların toplum olaraq verdikləri reaksiyada başqa bu qədər mühüm fərq yoxdur. Sabah Səudiyyə Qətəri anneksiya edib əhalinin müqavimətini qırsa, bir müddət sonra qətərlilər də olacaqlar səudiyyəli. Bir neçə gün əvvəl Səudiyyə Ərəbistanı robota vətəndaşlıq verdi. Deməli, səudiyyəli olmaq üçün ərəb, müsəlman olmağa, ortaq tarixi, mədəni və s. dəyərləri bölüşməyə ehtiyac yoxdur.

Vətəndaşlıq şəxslə dövlət arasında siyasi-hüquqi bağlılıqdır. Buna müvafiq olaraq, vətəndaş millətçiliyi, yəni liberal millətlər formalaşır – azərbaycanlılar, amerikalılar, britaniyalılar, səudiyyəlilər və s.

Bizi birləşdirən dəyər də elə budur – dövlətlə aramızda olan siyasi-hüquqi bağlılıq. Bizim vətəndaş millətçiliyi anlayışımız niyə zəifdir? Niyə bizdə qarabağlı, yeraz, şəkili daha çox müraciət edilən terminlərdir, nəinki azərbaycanlı? Çünki bizdə dövlətlə vətəndaş arasında siyasi-hüquqi bağ yoxdur. Cümhuriyyət dövründə və Elçibəyin vaxtında yaratmağa çalışdılar, yarımçıq qaldı. Amma formal da olsa, bizi birləşdirən dəyər Azərbaycan Respublikası vətəndaşı olmağımızdır. Çağdaş, proqressiv yanaşma bundan ibarətdir. Bunun əleyhinə olan seperatist, etno-millətçi, ümmətçi... yanaşmalar reqressivdir, çağdaş deyil, bizi parçalamağa, inkişafdan saxlamağa aparır.

Yazı müəllifin fikirlərini əks etdirir və Meydan TV-nin mövqeyi ilə üst-üstə düşməyə bilər.