İnqilab indi mümkündürmü?

Azadlıq meydanında hərəkatdan

1917 + 100 = 2017

Rəqəmlərlə ifadə edilən illərdən qorxu bəşəriyyətdə adət halını alıb. Çoxunun yadından da çıxıb ki, 2000-ci il ərəfəsində KİV “dünyanın son”unun çatdığından xəbər verən məqalələrlə dolu idi. İndi də 2017-ci ildə, Fevral burjua və Oktyabr sosialist inqilablarının yüzüncü ildönümündə hansısa bir inqilabın baş verəcəyi ehtimalından ciddi yazanlar az deyil.

Burada yada Çexovun “Qəzetlər həmişə yalan yazır” kəlamı düşür.

İnqilab elə bir təzahürdür ki, ilə-zada baxmır. Yubiley də onun vecinə deyil. Elə ki, hakimiyyət onun baş verməsi üçün bütün zəruri tədbirləri gördü, günün-ilin tarixinə baxmayaraq baş tutacaq. Sovet dövründə, Xruşşovun ona-buna “Sovet İttifaqı Qəhrəmanı” adını payladığı bir vaxtda camaat “İnqilabi situasiya yaratdığına görə” Nikolay padşaha da ölümündən sonra bu fəxri adın və qızıl medalın verilməsi barədə yarılətifə, yarıciddi məzələr söyləyirdi.

İnqilab indi mümkündürmü? Onu labüd edən hansı amillər indi mövcuddur?

Ola bilsin ki, haradasa inqilab mümkündür. Bəri başdan deyim ki, Azərbaycanda inqilab heç vaxt olmayıb və ola da bilməz. Nə üçün? Ona görə. Ola bilməz, çünki heç olmayıb da!

İnqilab Avropada, Rusiyada, Çində, ərəb ölkələrində, xüsusən İranda ola bilər. Niyə? Çünki əvvəllər oralarda inqilab olub, özü də bir neçə dəfə olub. Azərbaycanda isə olmayıb.

Bilmirik, buna sevinək, yoxsa ağlayaq. Kim səlamətliyi sevir, qoy sevinsin, kim ki, darıxdığından bağrı çatlayır, qoy dilxor olsun. 100 faiz bilin ki, bizdə inqilab mümkün deyil.

Bir dəfə Bilgəhdə yerli tanışıma bağımızın tez-tez yarılmasından gileyləndim. Dedi: “Gəlmələrin işidir”.

Soruşdum: “Haradan bilirsən”? Dedi: “Mən yerli camaatı yaxşı tanıyıram, keçəndə görər ki, vedrə, ya da bel həyətdə baxımsız qalıb, götürüb gedər, amma ev yarmaz”.

İndi mən də xalqımı yaxşı tanıyıram, iğtişaş, dava-dalaş, çevriliş, vur-çatlasın salar, amma inqilab etməz. Məncə, hakimiyyətimiz də mən deyəni deyir. Nəinki deyir, həm də bunu milli heysiyyatımızı zədələyən biabırçılıq sayır. Sayır və çalışır ki, bu biabırçılığı aradan qaldırsın, bizi Avropa standartları səviyyəsinə qaldırsın. 

İnqilab idman növü olsaydı, maya qoyub xaricdən bir ortabab peşəkar inqilabçını gətirərdik və o, xalqımızın üzünü ağ edərdi, bir dənə beynəlxalq standartlara cavab verən inqilab yapıb ölkəmizin adını Suriya, Liviya və ya, heç olmasa, Bəhreyn kimi dünya KİV-lərinin manşetlərinə çıxarardı.

Səd heyf ki, inqilab idman deyil. Mixail Saakaşvilini isə prezident Poroşenko artıq Ukrayna üçün kirələyib. Ümid qalır yerli inqilabçı kadrların hazırlanmasına. Hakimiyyət məhz belə milli inqilabçı kadrların hazırlanması ilə ciddi məşğul olur. Olur, lakin bütün sahələrdə olduğu kimi, bu sahədə də oxu daşa dəyir.

İndi bizim yazıq hakimiyyət daha nə etsin ki, xalq inqilaba qalxsın?

Vətən torpağının 16%-ni yağıya peşkəş etdi, dinmədilər. Nefti yerlilərə deyil, əcnəbilərə verdi, qanmadılar. Milli sənayeni tarmar etdi, uddular. Yüz minləri küçələrə tökdü, sanki elə belə də olmalıymış. 18 seçkini dalbadal saxtalaşdırdı, qımıldanmadılar. Dəvələri eşşəklərin quyruqlarına bağladı, gözlərini yerə tikdilər. Ölkəni rüşvət və qarət sahəsində öncüllər sırasına çıxardı, veclərinə almadılar. Neft pullarını xəzəl kimi göyə sovurdu, lal-dinməz baxdılar.

Bəli, hakimiyyət seçdi hünərli cavanları və başladı onları əbəs yerdən təqib etməyə, cəzalandırmağa. Düşündü ki, bu hünərli gənclər məhbəs və işgəncə dərslərindən qeyzə gəlib inqilabçıya çevriləcəklər.

Ay-hay çevrildilər ha! Elə ki, hakimiyyət onları boğazlarından möhkəm tutub silkələdi və sonra boşlayıb düşündü ki, “indi inqilabçıya dönəcəklər”, həriflər “asta qaçan namərddir” deyib aradan çıxdılar və xaricdə peyda olub hürriyyət naminə döyüşləri qiyabi aparmağa mail olduqlarını göstərdilər.

Belə şəraitdə hətta bizim hakimiyyətin əli-qolu boşalıb yanına düşdü. Anlamağa başladı ki, lap elə mənim kimi, bu xalq heç vaxt və heç bir şəraitdə inqilaba qalxmaz.

Düzdür, təcrübə hələ sona çatmayıb, hakimiyyətin ümidi hələ də tam ölməyib. Ola bilsin ki, İlkin Rüstəmzadə, İlqar Məmmədov və Taleh Bağırzadə hakimiyyətin uzun illər həyata keçirdiyi “yerli inqilabçı kadrlar bəsləmək” layihəsinin uğurla başa çatdığını sübut edəcəklər.

Çox qalmayıb, bir azdan hakimiyyətin inqilabyönlü əzəmətli fəaliyyətinin nəticələri bilinəcək.

Yazı müəllifin fikirlərini əks etdirir və Meydan TV-nin mövqeyi ilə üst-üstə düşməyə bilər.