Hər şeyin əvəzini bir gün qaytarmalısan

21 yaşlı gənc qəza törədib. Öldüsü-qaldısı hələ bilinmir. Başqa bir gənc bu qəzada həyatını itirib. Eyni qəzada həyatını itirən və xəsarət alan kənar insanlar da var. Hadisəyə harasından baxsan, faciədir, bu qədər insan, ölüm, yaralanma, məhv olan gələcək...

Adətən cavan adam həyatını itirəndə, ya da gələcəyinə xələl gətirəcək nəsə edəndə, beşqat təəssüflənən, cavanlığa ayrıca ağı deyən insanlarımız isə indi sevinir. Qəzaya, ölümə, məhv edilən gələcəyə. Sevinirlər, “yaxşı oldu” deyirlər, hətta bu faciənin daha ağır, daha itkili olmasını arzulayanlar da az deyil.

Əslində, belə baxanda, sevinən, bəddua oxuyan, daha pisini arzulayan insanların bu qəzanı törədən gənclərə qarşı şəxsən heç bir qəzəbi, kini-filanı yoxdur. 21 yaşında bir gənc bu qədər adama nə edə bilərdi axı? Nə etməli idi ki, onun qəzası, bədbəxtliyi günlərlə insanların sevincinə səbəb olsun? Bu gənclər sadə adamlar olsaydılar, indi sevinənlər heyifsilənər, hallarına yanardılar.

Amma yox, bu qəza törədən gənclər özlərini deyil, arxalarında dayanan adamları, gücləri, naziri, məmuru təmsil edir deyə, o adamlara, o gücə, o nazirlərə, o məmurlara yönələn nifrət də bu gənclərə yönəlib.

Bəli, həyat onlara indiyə qədər göründüyü qədər rahat, gözəl, əyləncəli, qayğısız deyil. Sən pulu, maşını, adı, biznesi, lüks həyatı, qayğısızlığı bu yaşında atanın, babanın hesabına qazanmısansa, onların yerinə də cavab verəcəksən. Həyat o qədər gözəl deyil ki, ancaq babanın, atanın qazandığı vardan, puldan pay düşsün. Bunları bölüşürsənsə, günlərin bir günü atanın, babanın qazandığı nifrətdən, qəzəbdən, ah-nalədən, qarğışdan da sənə pay düşəcək. Hər şeyin əvəzini bir gün qaytarmalısan.

Bu gün yazıçı Rafiq Tağının doğum günüdür. O adamın ki, ölümü ilə hələ də onlarla, yüzlərlə insan barışa, qəbul edə bilmir. Heç bir vəzifəsi, adı, titulu olmadığı halda. O adam ki, ölümündən sonra balalarına öz təmiz adını, həkim kimi peşəkarlıq və humanistlik hekayətlərini yadigar buraxıb getdi. O adamın ki, bıçaqlanma xəbərini avtobusda radiodan eşidən keçmiş xəstəsi maşından düşüb, onun yatdığı xəstəxanaya gəlmişdi.

O adamın ki, balalarını görəndə, kimin uşaqları olduğunu biləndə, onlarla, yüzlərlə insanın üzündə minnətdarlıq ifadəsi peyda olur.

O adamın ki, özü kasıb bir adam olduğu halda, müalicəyə getdiyi kasıb xəstələrinə dərman, bəzən isə ərzaq da alırdı, xəstə yaşlı qadınlara gül alıb aparırdı. O adamın ki, bıçaqlananda, sinəsinə batan bıçaq, döş cibindəki resepti deşmişdi. Bu, o resept idi ki, Rafiq Tağı onunla kasıb xəstəsinin dərmanlarını özü alacaqdı.

Buna görə də, indi Rafiq Tağının bir əzizinin dırnağı qanasa, ürəyinin başı soyulacaq o qədər adam var. Çünki o öz balalarına qazandığı sevgini, duaları, minnətdarlığı, layiqli adını miras buraxıb getdi.

Bəli, bəzən bir elektrik dirəyi bəsdir ki, milyonluq maşının ona çırpılsın, qəzan təkcə maşının deyil, yüsək vəzifədəki haminin, ata-babanın da son qəzası olsun, hər şeyə son qoysun.

Bəzən isə bir reseptlik dərman, bir kilo alma, bir dəstə gül bəsdir ki, insanların yaddaşında həm özünün gözəl xatirəsini yaşadasan, həm balalarına bir ömürlük layiqli ad qoyub gedəsən.

Yazı müəllifin fikirlərini əks etdirir və Meydan TV-nin mövqeyi ilə üst-üstə düşməyə bilər.